...

Antiterror əməliyyatları Azərbaycanın gücünü beynəlxalq aləmə nümayiş etdirdi - ŞƏRH

Siyasət Materials 19 Sentyabr 2024 10:00 (UTC +04:00)
Antiterror əməliyyatları Azərbaycanın gücünü beynəlxalq aləmə nümayiş etdirdi - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün 19 sentyabr tarixində Qarabağda keçirilən lokal antiterror tədbirlərindən bir il ötür. Bu tədbirlər nəticəsində Azərbaycan bütün ərazisində suverenliyini və nəzarəti tam bərpa etdi və 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfəri sona çatdırdı.

Bununla bağlı Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə bildirib ki, II Qarabağ müharibəsindən sonra Ermənistan özünün köhnə mahiyyətindən xilas ola bilməyərək, hələ də ərazimizdə qanunsuz silahlı birləşmələr saxlayır, separatçıları himayə edirdi.

“Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması artıq zərurətə çevrilmişdi. Məhz işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması vacib idi.

Eyni zamanda, bütün ölkə ərazisində konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən 19 sentyabr 2023-cü il tarixində lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Nəticədə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu.

Azərbaycanın Qarabağ bölgəsində yerləşən qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, ağ bayraq qaldırıb təslim oldu. Qanunsuz silahlıların və separatçıların döyüş mövqelərindən və hərbi postlardan çıxması, tam şəkildə tərksilah olunması, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması növbəti tarixi qələbə idi. Məhz həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bununla da Qələbə Salnaməsinin müəllifi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir Azərbaycan tarixinin ən parlaq səhifəsinin birini də yazdı”, - deyə deputat əlavə edib.

Deputat Müşviq Cəfərov isə vurğulayıb ki, müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək, suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi.

"Ötən ilin sentyabr ayına kimi Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni silahlı dəstələri 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi.

Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq, "qondarma “parlament”ləri" adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Ötən il Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin fəallaşması müşahidə olunması, Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də, səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu", - o deyib.

Onun sözlərinə görə, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz yerləşmiş erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi.

"Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində iki mülki şəxs də həlak oldu.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş hazırlığı səviyyəsinə gətirilməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olundular.

Əvvəllər dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Beləliklə, 30 ildən çox havadarlarının dəstəyi ilə yaşayan Qondarma rejim ləğv olundu. 2023-cü il senytabr antiterror əməliyyatları Azərbaycan dövlətinin gücünü və rəşadətini bir daha beynəlxalq aləmə nümayiş etdirdi", - deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti