...

Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb

Siyasət Materials 25 Sentyabr 2024 15:40 (UTC +04:00)
Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbini qəbul edib.

Trend xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində son dövrdə həyata keçirdiyi fəaliyyət barədə qonağa ətraflı məlumat verib.

Müvəkkil insan hüquqları sahəsində müsbət təcrübələrin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdıraraq bu istiqamətdə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları, habelə beynəlxalq təşkilatlarla mövcud səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən bəhs edən Ombudsman bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə mandatının genişləndiyini qeyd edib.

Görüş zamanı saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən başçəkmələr, Ombudsmana müraciət üsulları barədə məlumat verilib, eləcə də məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında Ombudsmanın ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyi diqqətə çatdırılıb.

Müvəkkil torpaqlarımızın otuz ilə yaxın işğalı zamanı Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğunu, ətraf mühitə ziyan vurulduğunu, ekosid cinayətlərinin törədildiyini bildirib. O, işğal dövründə Azərbaycan torpaqlarında basdırılmış minaların keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını bildirib.

Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımızın itkin düşdüyünü qeyd edən Səbinə Əliyeva ölkəmiz tərəfindən həyat keçirilən tədbirlər nəticəsində bir sıra vətəndaşımızın şəxsiyyətinin müəyyənləşdirilərək dəfn edildiyini, lakin digər itkin düşmüş şəxslərin taleyi barədə hələ də məlumat əldə olunmadığını diqqətə çatdırıb.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə Ombudsmanın təşəbbüsü ilə faktaraşdırıcı missiyaların həyata keçirildiyi qeyd olunub, hesabatların, bəyanatların və müraciətlərin hazırlanaraq beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunduğu söylənilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub və qonağı maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti