Bakı. Trend:
Bakı müstəmləkəçilik probleminin qlobal səviyyəyə qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilib.
Trend xəbər verir ki, bu barədə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınan Kemi Seba deyib.
“Azərbaycan öz qanun pozuntularına məhəl qoymadan başqa ölkələrdə insan haqlarının vəziyyətini tövsiyələr vermək və qiymətləndirmək istəyən fransız təkəbbüründən yorulub.
Fransa hakimiyyəti digər dövlətləri tənqid etməklə yanaşı, həm Afrika qitəsində, həm də diasporda xüsusilə qaradərili əhaliyə qarşı insan hüquqlarını özləri tez-tez pozur.
Fransa nəinki digər ölkələrə şərtlər diktə etməyə çalışır, həm də keçmiş müstəmləkələrinin üzləşdiyi problemlərə məhəl qoymur.
Bakı müstəmləkəçilik probleminin qlobal səviyyəyə qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilib. Biz buraya öz müqəddəratını təyin etmək uğrunda mübarizəmizi davam etdirmək üçün gəlmişik”, - deyə o bildirib.
Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir. 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olmuş K.Seba Fransanın iyrənc müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə Fransanın hələ də əsarəti altında olan dənizaşırı ərazilərinə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etməsi və pisləməsi nəticəsində Fransanın “qara siyahı”sına salınmışdır. Fransa K.Sebanı susdurmaq üçün bir neçə dəfə həbs etmiş, lakin istədiyinə nail olmadığı üçün onu fransız vətəndaşlığından məhrum etmiş və bununla da, onu sürgünçülük həyatına məruz qoymağa cəhd etmişdir.
Lakin Fransa hətta buna da müvəffəq ola bilməmişdir. Belə ki, Fransanın bu addımına cavab olaraq bir sıra Afrika ölkəsi K.Sebaya diplomatik immunitet vermişdir.