...

Azərbaycan icması Qarabağ reallıqlarını Niderland parlamentinin diqqətinə çatdırıb (FOTO)

Siyasət Materials 10 Oktyabr 2024 17:51 (UTC +04:00)
Azərbaycan icması Qarabağ reallıqlarını Niderland parlamentinin diqqətinə çatdırıb (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland hökumətinin səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramın “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad olunması “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərməsi orada yaşayan soydaşlarımız tərəfindən ciddi narazılıqla qarşılanıb.

Bu ifadənin beynəlxalq hüquqa zidd olması və ədalətsiz olaraq istifadə edilməsi, Azərbaycan diaspor təşkilatlarının fəal şəkildə hərəkətə keçməsinə səbəb olub. Azərbaycan icması bu hadisəni ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı bir hörmətsizlik kimi dəyərləndirərək, bəyanatlar veriblər.

Bu çərçivədə, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi məsələni daha yüksək səviyyəyə daşımaq məqsədilə Niderland parlamentariləri ilə görüş tələb edib və bu məsələ ilə bağlı geniş dəstək toplamaq üçün xüsusi bir petisiya hazırlayıb. Bu petisiya həm yerli azərbaycanlı icma üzvləri, həm də beynəlxalq ictimaiyyətin diqqətini məsələnin həssaslığına cəlb etmək məqsədi daşıyıb. Çünki belə ifadələrin Niderland-Azərbaycan münasibətlərinə mənfi təsir edə biləcəyi bəllidir və tez bir zamanda həll edilməsi vacibdir.

Bununla bağlı parlamentə ünvanlanan müraciət də müsbət cavablandırılıb və Niderland Parlamentinin Xarici Ölkələrlə İş üzrə komissiyasının üzvləri Azərbaycan icması ilə görüşüb. Bu görüşdə Niderland parlamentinin müxtəlif partiyalardan olan üzvləri Raymond de Roon (PVV), Isa Kahraman (NSC), Doğukan Ergin (DENK) və komissiya sədri Jesse Klaver (GroenLinks-PvdA) iştirak ediblər.

Görüş zamanı Azərbaycan diaspor təşkilatları Qarabağ münaqişəsi və Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə dair daha obyektiv və ədalətli mövqe tutmağın vacibliyini vurğulayıb. Xüsusilə görüşdə Niderland dövlətinin, parlamentinin və mediasının bu məsələlərə birtərəfli yanaşma göstərməməli olduğu, münaqişənin həqiqi səbəblərinin və nəticələrinin dəqiq şəkildə dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi qeyd edilib.

Diaspor nümayəndələri bu cür məsələlərin daha yaxşı anlaşılması üçün obyektiv, faktlara əsaslanan məlumatların yayılmasının əhəmiyyətini vurğulayaraq, Niderlandın bu mövzuda dəqiq və prinsipial mövqe sərgiləməsini tələb ediblər.

Bundan əlavə, Azərbaycan tərəfi Niderland parlamentinə həqiqətləri yerində öyrənməyə imkan vermək üçün əhəmiyyətli bir təklif irəli sürüb. Parlament üzvlərinin Azərbaycana rəsmi səfər etmələri, işğaldan azad edilmiş əraziləri yerində görmələri və orada törədilmiş cinayətlərlə tanış olmaları təklif edilib.

Hazırlanan petisiyada Azərbaycan icmasının ermənilərlə və ümumilikdə xalqımızın qonşu dövlətlərlə sülh şəraitində yaşamaq istəyi vurğulanır. Petisiyada diqqət çəkilən mühüm məqamlardan biri də Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilən dağıntılar, vandalizm aktlarına və bu dağıntıların saxtalaşdırılması faktına dünya ictimaiyyətinin biganə yanaşması olub.

Vurğulanıb ki, ermənilər Qarabağda yerləşən qədim Azərbaycan abidələrini, məscidləri, muzeyləri və mədəniyyət ocaqlarını sistemli şəkildə məhv edib, lakin dünya ictimaiyyəti bu hərəkətlərə yetərincə diqqət ayırmayıb.

Petisiyada, həmçinin, Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş 4 minə yaxın azərbaycanlının taleyinə də toxunulub. Azərbaycan icması parlament üzvlərinin diqqətinə çatdırıb ki, bu insanlar barədə indiyə qədər heç bir məlumat əldə olunmayıb və onların taleyi hələ də qaranlıq olaraq qalır. Bu məsələyə beynəlxalq təşkilatların, o cümlədən, BMT, Avropa Şurası və digər qurumların yetərli diqqət ayırmaması böyük narazılıq doğurub.

Niderlandda yaşayan 15 minlik Azərbaycan icmasının adından hazırlanan petisiyada, diaspor nümayəndələri ölkənin parlament üzvlərinə müraciət edərək, orada qeyd olunan məsələlərin parlamentin müvafiq komissiyaları və iclaslarında diqqətlə müzakirə olunmasını tələb ediblər.

Görüşün sonunda iştirakçılar arasında qeyri-rəsmi müzakirələr və danışıqlar davam edib. DENK Partiyasının nümayəndəsi Doğukan Ergin Azərbaycan icmasının nümayəndələrinə xüsusi diqqət göstərərək, hər zaman Azərbaycan xalqının və Niderlandda yaşayan azərbaycanlıların yanında olduqlarını vurğulayıb.

Parlamentin rəsmi internet səhifəsində həmin müraciətin qeydə alınması və görüş ilə bağlı məlumat da yayımlanıb:

https://www.tweedekamer.nl/debat_en_vergadering/commissievergaderingen/details?id=2024A06861

Xəbər lenti

Xəbər lenti