Bakı. Trend:
Avropa Parlamentinin ikili standartlarla dolu qətnaməsi Azərbaycanla əlaqələrə böyük zərbədir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
"Bu gün Avropa Parlamenti Azərbaycana qarşı yeni qətnamə qəbul edib. İkili standartlara əsaslanan bu qətnamə Azərbaycana qarşı ittihamlarla doludur. Bu ittihamlar anti-demokratik və əsassızdır. Ermənistan 1 milyon azərbaycanlını məcburi köçkün halına salmışdı və etnik təmizləmə həyata keçirərək, Azərbaycan torpaqlarını işğal etmişdi. Amma belə kəskin qətnamələr Ermənistana qarşı qəbul olunmayıb", - F.İsmayılzadə bildirib.
Eyni zamanda, deputat qeyd edib ki, Avropa İttifaqının bəzi üzvləri Ermənistanı yenidən silahlandırır, gücləndirir və onlara yardım edir.
"Bunu necə başa düşək? Azərbaycan müsəlman ölkəsi olduğu üçün bizə qarşı belə ikili standartlar tətbiq olunur?! Yoxsa bu, anti-türk, islamafobiya ilə dolu mövqedir?! Azərbaycan cəmiyyəti, xüsusilə məcburi köçkünlər belə münasibətdən çox hiddətləniblər. Bu, Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrə böyük zərbədir. Onlar bir növ Azərbaycanı Avropadan küsdürürlər və uzaqlaşdırırlar", - deyə F.İsmayılzadə əlavə edib.