Bakı. Trend:
Fransanın "La Gazette du Caucase" onlayn-nəşri öz məqaləsində noyabrın 5-də Parisin Trokadero meydanında COP29-un Azərbaycanda keçirilməsinə qarşı etiraz aksiyası keçirən Fransadakı erməni təşkilatlarının hərəkətlərini pisləyib.
Trend xəbər verir ki, "La Gazette du Caucase" qeyd edir ki, Fransada erməni qruplaşmalarının davam edən nümayişləri yalnız dezinformasiyaya xidmət edir.
“İki ölkənin Qafqazda davamlı sülhün bərqərar olması üçün ən yaxşı yolu tapmağa çalışdığı bir vaxtda niyə Fransadakı erməni təşkilatlarının Fransa ictimaiyyəti arasında dezinformasiya yaymaqda davam etdiyi sualı yarana bilər. Xatırladaq ki, Azərbaycan heç vaxt Ermənistanı işğal etməyib və bunu etmək fikirində də olmayıb. Əksinə, Ermənistan silahlı qüvvələri Azərbaycanın sərhədlərini pozaraq, 30 ilə yaxın bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi qəbul edilən torpaqları işğal altında saxlayıblar. Onlar bunu guya bütün Qafqazı əhatə edən “Böyük Ermənistan” mifinə əsaslanaraq “tarixin yenidən yazılması” ilə “əsaslandırmağa” çalışırdılar”, - məqalədə bildirilir.
Bundan əlavə, “La Gazette du Caucase” Fransa mediasının “tanınmış simaları” adlandırılan şəxslərin, o cümlədən “Le Figaro” jurnalının baş redaktor müavininin bu etirazlara dəstək verməsinə diqqət çəkib.
“Təəssüf doğuran isə odur ki, “Le Figaro” jurnalının baş redaktor müavini kimi jurnalistlər və bir çoxları bu nümayişlərdə iştirak edirlər. Bu, Fransa mətbuatının artıq informasiya və təhlillər vermək rolunu yerinə yetirmək əvəzinə müxtəlif ideologiyaların ruporu rolunu oynayaraq hansı səviyyəyə düşdüyünü göstərir”, - məqalədə vurğulanır.
Nəşr məqaləsində Bakıda erməni separatçılarının həbsinə də münasibət bildirərək, onların “siyasi məhbus” deyil, ağır cinayətlərdə, o cümlədən kütləvi qırğınlarda və mütəşəkkil cinayətlərdə iştirak edən şəxslər olduğunu qeyd edib. Erməni qruplaşmaları bu insanları qondarma “siyasi repressiya qurbanları” kimi təqdim etməyə çalışırlar.
“Bunlar qırğınlara cavabdeh olan cinayətkarlar və Qarabağın sərvətlərini qanunsuz ələ keçirmək istəyən mafiya başçılarıdır. Onu da qeyd etmək lazımdır ki, bu etirazın arxasında duran Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) çoxsaylı zorakılıq və terror aktlarında iştirak edib. Hətta onun lideri Murad Papazyanın Ermənistana girişi uzun müddətlik qadağan edilmişdi”, - məqalədə qeyd edilir.
“La Gazette du Caucase” sonda qeyd edir ki, bu cür hərəkətlər və KİV-in onlarla əlbir olması Ermənistan və Azərbaycan arasında həqiqi dialoq və anlaşmaya mane olan dezinformasiyanın yayılması istiqamətində narahatedici tendensiyanı əks etdirir.