Bakı. Trend:
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük
Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi
müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı
maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir
Xankəndi şəhərində baş tutub. Belə ki, Səhiyyə Nazirliyi akademik
C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ)
tibb heyəti tərəfindən Xankəndi sakinləri üçün kardioloji
müayinələr təşkil edilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirin əsas məqsədi
vətəndaşlar arasında ürək-damar sistemi xəstəliklərinin qarşısının
alınması, miokard infarktı riskinin erkən aşkarlanması və
müalicələrin təyin edilməsidir.
ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və
laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən
əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib.
Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi
təyin olunub.
Aksiya zamanı 150-dən artıq vətəndaş müayinələrdən keçirilib.
Tədbirin davamı olaraq ETKİ tərəfindən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Urəyinizi qoruyun” layihəsi çərçivəsində maarifləndirmə aksiyası keçirilib.
İnstitutun direktoru Gülnaz Dadaşova ətraflı təqdimatla çıxış
edərək, müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək
xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən
danışıb. Həmçinin, Kardiologiya İnstitutunun aparıcı mütəxəssisləri
tərəfindən “Sağlam genofonda addım ataq” mövsuzunda təqdimatlar
edilib.
Aksiya zamanı ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq
məqsədilə Qarabağ Universitetinin tələbələri üçün sağlam həyat
tərzi və zərərli vərdişlərdən qorunma haqqında video-çarxlar
nümayiş olunub. Eyni zamanda, tədbir çərçivəsində arzu edənlərin
boy və çəkisi, arterial təzyiqi və nəbzi ölçülüb.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və aksiya
iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan
digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və
müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.