Bişkek. Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələri uğurlu iqtisadi əməkdaşlıq birləşdirir.
Bunu Trend-ə Qırğızıstanlı politoloq Bakıt Bakitayev deyib.
"Hamımızın gördüyü kimi, son 5 ildə türkdilli və türk ölkələri arasında əməkdaşlıq xüsusilə güclənib - bu, zamanın tələbidir. Biz minilliklər boyu ortaq dil, mənəvi dəyərlər, fəlsəfə ilə bağlı olmuşuq. Son vaxtlar liderlərimiz getdikcə daha çox görüşməyə başladılar, görüşlər artıq illik əsasda keçirilir. Bu fonda TDT formalaşdı.
Məncə, bu, ağıllı bir qərardır, çünki TDT ölkələri Çin və Avropa arasında yerləşirlər və onlarsız "Bir kəmər, bir yol" kimi genişmiqyaslı layihənin mənası olmaz. Beləliklə, böyük dövlətlərin qarşısında öz maraqlarını effektiv şəkildə qorumaq üçün türk dövlətləri bu beynəlxalq institutda birləşdilər. Düşünürəm ki, indi bizim ölkələrin maraqları böyük dövlətlərin maraqlarının fonunda itirilməyəcək", - politoloq vurğulayıb.
Onun sözlərinə görə, bu müdrik siyasət bu gün zamanın tələblərinə cavab verir.
"Bizi təkcə tarixi yaxınlıq deyil, həm də uğurlu iqtisadi, siyasi, mədəni və mənəvi əməkdaşlıq birləşdirir. Mən əminəm ki, biz bütün dünyaya beynəlxalq institutlarda ölkələrin necə qarşılıqlı fəaliyyət göstərməli olduğunu göstərə bilərik. Düşünürəm ki, bu, ən vahid və uğurlu beynəlxalq birliklərdən birinə çevriləcək", - B.Bakitayev əlavə edib.