Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Uzunoba kəndində növbəti dəfə səyyar qəbul keçirib.
Trend xəbər verir ki, qəbulda Uzunoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Uzunoba, Baraxum, Xəzərli,Şıxlı, Meçitoba,Şərifoba,Tikanoba və Yataqoba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər yolların təmiri, qaz təchizatının bərpası,elektrik təsərrüfatının yenilənməsi və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Səyyar qəbuldan sonra Uzunoba kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər kəndin ərazisinə yeni ağaclar əkiblər.