Bişkek. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçiriləcək sammitində liderlər yaşıl iqtisadiyyatı müzakirə edəcəklər.
Trend xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev TDT Xarici İşlər Nazirliyi rəhbərlərinin görüşündən əvvəl deyib.
"Bu günün əsas mövzusu bütün ölkələrimizdə maraq doğuran "yaşıl" iqtisadiyyatdır. Bu istiqamətdə, bütün tərəflər tərəfindən dəstəklənən “Green Vision” adlı konseptual sənədi qəbul edəcəyik. Bu sənəd davamlı inkişaf sahəsində gələcək əməkdaşlıq üçün müxtəlif proqramların hazırlanmasına əsas olacaq", - o bildirib.
Qeyd edək ki, TDT XİN rəhbərlərinin görüşü Türk Dövlətləri Təşkilatının 11-ci Sammitindən əvvəl keçirilir. Sammitin mövzusu “Türk dünyasını gücləndirmək: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik”dir.
Ölkə liderləri TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafını müzakirə edəcək, təşkilatın cari gündəliyinin aktual məsələlərinə dair qərarlar qəbul edəcək, həmçinin Zirvə toplantısının yekun Bəyannaməsi də daxil olmaqla bir sıra çoxtərəfli sənədlər imzalayacaqlar.
Sammitin yekunlarına əsasən Türk Dövlətləri Təşkilatına 2025-ci il üçün sədrlik Qırğızıstan Respublikasına keçəcək.