Bakı. Trend:
Növbəti fəlakətlərin qarşısını almaq üçün iqlim dəyişikliyi ilə
mübarizədə qüvvələr birləşdirilməlidir.
Trend-in məlumatına görə, bunu
Tolerantlıq va Sülh uğrunda Qlobal Şuranın sədri Ahmed Mohamed
Aljarwan Alshamsi Dini Liderlərin Bakı Qlobal Sammitində deyib.
O bildirib ki, dünya sülh və sabitliyin əsaslarını sarsıdan təhlükələrlə üz-üzədir.
“Biz bütün maraqlı tərəfləri birliyə çağırmaq üçün dərhal
hərəkətə keçməliyik. Təcavüz və zorakılıq aktları sülh uğrunda
mübarizədə birləşməyi tələb edir. Biz əməkdaşlığa çağırırıq: dini
liderlərin sözləri birləşdikdə, onlar tolerantlıq və qarşılıqlı
anlaşma əsasında sülhün möhkəmlənməsinə töhfə verə bilərlər.
Bugünkü tədbirin təşkilinə görə Azərbaycana təşəkkürümü bildirirəm.
Mən hökumətə qarşıdan gələn COP29 iqlim konfransında uğurlar
arzulayıram”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.