Bakı. Trend:
ABŞ-ın federal hüquq-mühafizə orqanları, noyabrın 5-də keçiriləcək seçkilərdə daxili və xarici təhlükələri izləmək və onlara cavab vermək məqsədilə Vaşinqtondakı FTB-nin qərargahında xüsusi komanda məntəqəsi yaradıb.
Trend xəbər verir ki, “The Washington Post”un məlumatına görə, bu stansiyada FTB əməkdaşları ilə yanaşı, Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosunun, Gizli Xidmətin və ABŞ Poçt Müfəttişliyi Xidmətinin nümayəndələri də fəaliyyət göstərir. Komanda məntəqəsi, əvvəlki seçkilərdən daha uzun müddət, ən azı şənbə gününə qədər işləyəcək.
Eyni zamanda, FTB-nin yerli ofislərində də seçkilərə nəzarət üçün komandanlıq mərkəzləri qurulub ki, onlar hər hansı problem yarandıqda Vaşinqtondakı mərkəzlə əlaqə saxlayaraq koordinasiya təmin edəcək.
FTB direktor köməkçisinin müavini Ceyms Barnaklın sözlərinə görə, FTB bu il “daha güclü” tədbirlər görüb və xarici təhdidlərə, eləcə də kiberhücumlara qarşı önləyici tədbirlər həyata keçirilib. O, xarici bədxassəli təsir cəhdləri və bəzi bədxah qrupların dövlət və yerli seçki rəsmilərinə qarşı kiberhücum planlarını izlədiklərini bildirib.
ABŞ-ın baş prokuroru Merrik Qarlandın isə çərşənbə axşamı səsvermənin gedişi ilə bağlı məlumat almaq üçün FTB komanda məntəqəsini ziyarət edəcəyi gözlənilir.