Bakı. Trend:
Ekoloji tarazlığın qorunub saxlanması, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması son dövrlərdə xüsusilə aktual məsələyə çevrilib və dövlətlər tərəfindən davamlı təxirəsalınmaz tədbirlər görülür.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ombudsman Aparatından məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 yanvar tarixli növbəti Sərəncamı ilə COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) da daxil edilib.
"Ötən dövr ərzində təmiz, sağlam, dayanıqlı ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi Azərbaycan Ombudsman təsisatının da daim diqqət mərkəzində olduğuna görə ötən dövr ərzində “İnsan hüquqları və ətraf mühit: iqlim dəyişikliyinin hüquqi və etik aspektləri“, “Ətraf mühit və insan hüquqları: əsas beynəlxalq-hüquqi aktlar və milli qanunvericilik”, “Beynəlxalq hüquqi aktlarda və milli qanunvericilikdə təsbit olunmuş ekoloji hüquqların müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti”, “Ətraf mühit və insan hüquqları: beynəlxalq-hüquqi və milli aspektlər”, “Azərbaycan Respublikasında ətraf mühit: qanunvericiliyin əsas aspektləri”, “Ətraf mühit və əqli mülkiyyət hüququ”, “Sağlam ətraf mühitdə yaşamaq hüququ: beynəlxalq standartlar və Azərbaycan Respublikasının qanunvericiliyi”, “Ekologiya və insan hüquqları: vətəndaş cəmiyyətinin rolu” kimi aktual mövzuların müzakirə olunduğu silsilə tədbirlər təşkil edilmişdir", - deyə Ombudsman Aparatından bildirilib.
Bildirilib ki, COP29 ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə 2 oktyabr 2024-cü il tarixdə “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilib.
"Qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələri paylaşmaq məqsədilə keçirilən tədbirə 30-a yaxın ölkədən 60-dan çox qonaq, o cümlədən ombudsman və milli insan hüquqları təsisatlarının təmsilçiləri, informasiya komissarları, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının, bir sıra beynəlxalq qurumların rəhbər və nümayəndələri, iqlim dəyişikliyi və insan hüquqları sahəsində ekspertlər – ümumilikdə 200-dən çox iştirakçı qatılıb.
Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdə milli insan hüquqları təsisatları və ombudsman institutlarına dəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyinin müharibənin partlayıcı qalıqları və minalarla çirklənmə ilə əlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzularında panel sessiyaları təşkil edilib. Sessiyalarda mövzular üzrə çıxışlar dinlənilib, geniş fikir mübadilələri aparılıb. Eyni zamanda, çağırışlar və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunub", - deyə qurumdan bildirilib.
Qeyd edilib ki, tədbirin yekununda Ombudsmanların Beynəlxalq Bakı Forumunun Bəyannaməsi səsləndirilib və qəbul olunub.
"Bəyannamə ekoloji problemlərin həlli istiqamətində ombudsman və milli insan hüquqları təsisatlarının rolunun gücləndirilməsinə, həmçinin müvafiq sahədə məlumatlılığın artırılmasına öz töhfəsini verəcəkdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən tələbələr üçün elan edilmiş “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün məlumatlandırıcı təlim sessiyası təşkil olunub. Hakaton formatında elan olunmuş müsabiqədə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ADA Universitetindən seçilmiş 45 nəfərdən ibarət 9 komanda təmsil olunub. Qalib komanda 2 oktyabr 2024-cü il tarixdə "İqlim dəyişikliyi və insan hüquqları" mövzusunda Ombudsmanların Bakı Beynəlxalq Forumunda təltif olunub. Habelə Qəbələ şəhərində “İqlim dəyişikliyi və insan hüquqları: Gənc baxış” mövzusunda seminar təşkil olunub.
Nəzərinizə çatdırırıq ki, BMT-nin 13-cü (İqlim dəyişikliyinə qarşı mübarizə) Dayanıqlı İnkişaf Məqsədi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar artıq tərəfimizdən cari il üzrə aidiyyəti qurumlarla əməkdaşlıqda həyata keçirilməsi nəzərdə tutulan maarifləndirmə tədbirlərinin siyahısına “İqlim dəyişikliyi və insan hüquqları”, “Sağlam ətraf mühitdə yaşamaq hüququ”, “Sağlam həyat tərzi və sağlamlığın qorunması” kimi mövzular daxil edilmiş və hazırda da icra olunmaqdadır", - deyə Ombudsman Aparatından bildirilib.
Bundan əlavə, qeyd edilib ki, Ombudsman Aparatının iştirak etdiyi beynəlxalq tədbirlərdə, BMT qurumları, digər beynəlxalq və regional təşkilatlar, habelə səfirlərlə keçirilmiş görüşlərdə müəyyən edilmiş qaydalara uyğun şəkildə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsi ilə bağlı görülmüş işlərlə bağlı məlumatlar diqqətə çatdılıb.
"COP29 tədbirləri çərçivəsində 14 noyabr 2024-cü il tarixdə Mavi Zonada tərəfimizdən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: milli insan hüquqları institutlarının rolu” mövzusunda plenar müzakirə də keçiriləcək. Dövlət orqanlarının, akkreditasiyadan keçmiş vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə müəyyən olunmuş indikatorlar üzrə müzakirələr aparılacaq.
Ombudsmanın Təşkilat Komitəsinə üzvlüyü çərçivəsində “Ekoloji hüquqların qorunması və təşviqində bələdiyyələrin rolu”, “Ekoloji hüquqların qorunması və təşviqində qeyri-hökumət təşkilatlarının rolu”, “Ekoloji hüquqların qorunması və təşviqində media subyektlərinin rolu”, “Ekoloji hüquqların qorunması və təşviqində həmkarlar ittifaqı təşkilatlarının rolu”, “Ekoloji hüquqların qorunması və təşviqində dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və özəl sektorun əməkdaşlığı”, “Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlər və onların ifşası” kimi mövzularda iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə ilə bağlı biliklərin artırılmasına xidmət edən seminarların, dəyirmi masaların, yazı və rəsm müsabiqələrinin və digər maarifləndirici tədbirlərin keçirilməsi, müvafiq mövzunu təbliğ edən nəşrlərin hazırlanmasını nəzərdə tuturuq", - deyə əlavə edilib.