Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) iqlimlə bağlı fəaliyyətlərə yönəlmiş səylərini artıraraq, Azərbaycana COP29-da iqlim gündəliyinə və təşəbbüslərinə dəstək vermək üçün maliyyə imkanlarını gücləndirib və yeni resurslar cəlb edib.
Bunu Trend-ə müsahibəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin direktoru Sünniya Durrani-Camal bildirib.
COP29-da Azərbaycanın strateji təşəbbüslərinə dəstək
S.Durrani-Camal Azərbaycanın COP29-u qlobal iqlim tədbirləri üçün mühüm hadisəyə çevirmək səylərini vurğulayıb.
"Asiya və Sakit Okean regionunun iqlim bankı kimi, AİB COP29-un sədrliyini həm danışıqlar, həm də Fəaliyyət Gündəliyi çərçivəsində qürurla dəstəkləyir", - o bildirib.
O, AİB-in COP sədrliyinə texniki dəstək göstərməkdə davam edən sadiqliyini, o cümlədən, potensialın artırılması, məsləhət xidmətləri və COP29-un əsas məsələləri üzrə bilik mübadiləsini qeyd edib.
2024-cü ilin may ayından etibarən AİB ekspertləri Azərbaycanın ilk Milli 2 illik Şəffaflıq Hesabatının hazırlanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir. Bu hesabat Paris Sazişinə uyğun olaraq hazırlanmalı və 2024-cü il dekabrın 31-dək təqdim edilməlidir.
"AİB həmçinin, COP29 Sədrliyinin 6-cı Maddə üzrə danışıqlar qrupunu fəal şəkildə dəstəkləyir. Ekologiya Nazirliyi və Xarici İşlər Nazirliyi üçün beynəlxalq danışıqlarda kömək etmək məqsədilə 4 seminar keçirilib. Bu seminarlar Paris İqlim Sazişinin 6-cı Maddəsinin tam icrasını təmin edərək, COP29-dan əvvəl və zamanı baş tutacaq beynəlxalq danışıqlarda rəhbərlik etməyə kömək edəcək.
AİB ekspertləri Seminar təşkil edib və istixana qazlarının inventarizasiyası üzrə Hesabatı və Milli İnventarizasiya Sənədi üçün məlumatların toplanması və təsdiqlənməsində praktiki dəstək göstəriblər", - Sünniya Durrani-Camal izah edib.
Bundan əlavə, AİB COP29-un sədrliyi ilə Fəaliyyət Gündəliyi çərçivəsində şəhər inkişafı və insan resurslarının təhsil, səhiyyə və yaşıl bacarıqlar kimi sahələrdə inkişaf mövzuları da daxil olmaqla, müxtəlif təşəbbüslər üzərində əməkdaşlıq edir.
Sünniya Durrani-Camal vurğulayıb ki, AİB COP29-un sədrliyi ilə dayanıqlı iqlim üçün insan resurslarının inkişafı üzrə Bakı prinsiplərinin hazırlanması sahəsində sıx əməkdaşlıq edir.
COP29 zamanı AİB, İqlim və Təhsil üzrə Bələdçi və İqlim və Sağlamlıq üzrə Portal da daxil olmaqla, sədrliyin Fəaliyyət Gündəliyinə uyğun bir sıra təşəbbüslər təqdim etməyi planlaşdırır.
“AİB-in ədalətli keçid, NDC 3.0, Maddə 6, Enerji keçid mexanizmi, Asiya və Sakit okean regionu üçün Təbii Həllər üzrə Maliyyə Mərkəzi, Cəmiyyətin Dayanıqlılığı üzrə Tərəfdaşlıq Proqramı və İqlim və Sağlamlıq Təşəbbüsü COP29-da təqdim ediləcək”, - S.Durrani-Camal əlavə edib.
AİB-in öhdəlikləri, həmçinin, Azərbaycanın əsas rol oynadığı Mərkəzi və Qərbi Asiya üzrə İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) vasitəsilə regional iqlim fəaliyyətlərinə də şamil olunur. AİB-də yerləşən CAREC Katibliyi COP29 çərçivəsində "iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü"ndə fəal iştirak edir. Azərbaycanın İqtisadiyyat Nazirliyi və AİB-in birgə təşkil etdiyi CAREC tərəfdaşlığı tədbiri Maliyyə günündə – 14 noyabrda baş tutacaq.
AİB prezidenti Masatsuqu Asakava COP29-da əsas tədbirlərdə iştirak edəcək. Çoxtərəfli İnkişaf Banklarının (ÇİB) İqlim Fəaliyyəti üzrə İşçi Qrupuna hazırkı sədri kimi AİB, digər çoxtərəfli inkişaf bankları ilə birgə bəyanat verməyi və iqlim maliyyələşdirilməsi sahəsində öhdəliklərini açıqlamağı planlaşdırır.
“AİB-in COP29-da yüksək səviyyədə təmsil olunması Asiya və Sakit Okean regionunun iqlim bankı kimi sadiqliyimizi təsdiqləyir və inkişaf sahəsində etibarlı tərəfdaş kimi mövqeyimizi gücləndirir”, – S.Durrani-Camal vurğulayıb.
Nümayəndəliyin direktoru qeyd edib ki, 1999-cu ildə Azərbaycan AİB-ə qoşulandan bəri bank nəqliyyat, energetika, səhiyyə və kənd təsərrüfatı kimi sahələrdə ekoloji cəhətdən dayanıqlı və sosial baxımdan inklüziv layihələrə 5 milyard dollardan çox vəsait ayırıb.
“Biz bu yardımı, əsasən, dövlət sektoruna göstərmişik, lakin Azərbaycanda özəl sektoru da əməkdaşlığa daha fəal cəlb edirik”, - o deyib.
"2024-cü il bizim üçün xüsusi il oldu, çünki Azərbaycanla AİB-in tərəfdaşlığının 25 illiyini qeyd etdik. Bu ilin iyun ayında AİB prezidenti Masatsuqu Asakava Azərbaycana səfər etdi və ölkədəki islahatlara, eləcə də, "Azərbaycan 2030" proqramında göstərilən strateji prioritetlərin həyata keçirilməsinə, Azərbaycanın regional və beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə dəstəyin davam edəcəyinə hökuməti əmin etdi. Biz hökumətin dayanıqlı inkişafa, o cümlədən, ölkənin "yaşıl" enerjiyə keçidinə, məşğulluq və sosial müdafiə ilə ədalətli cəmiyyət qurmağa, təhsil və innovasiyaya xərcləri artıraraq, rəqabətədavamlı və ixtisaslı işçi qüvvəsi formalaşdırmağa verdiyi prioriteti yüksək qiymətləndiririk”, – Sünniya Durrani-Camal əlavə edib.
Regionda tranzit əlaqələrinin genişləndirilməsi
AİB Azərbaycanın nəqliyyat layihələrinə 1,5 milyard dollardan çox sərmayə yatırıb.
"Biz Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsini nəzərə alaraq, strateji əhəmiyyətini qəbul edirik. Azərbaycan Çin Xalq Respublikası ilə Mərkəzi Asiya və Qafqaz iqtisadiyyatlarının Avropa ilə birləşməsində həlledici rol oynayır", - S.Durrani-Camal qeyd edib.
AİB nümayəndəsi izah edib ki, AİB-in Azərbaycanda dəstəklədiyi layihələrin bir çoxu "faktiki olaraq daha geniş regional qarşılıqlı fəaliyyət Şəbəkəsinin bir hissəsidir". Bu şəbəkənin əsas komponenti Xəzər və Qara dənizi vasitəsilə avtomobil, dəmir yolu və dəniz marşrutlarını birləşdirən, Asiya ilə Avropa arasında konteyner tranzit daşımalarını asanlaşdıran Orta Dəhliz kimi tanınan CAREC 2 dəhlizidir.
"AİB regional nəqliyyat dəhlizlərinin əməliyyat səmərəliliyinin artırılması üçün Azərbaycan hökuməti və digər qonşu ölkələrlə əməkdaşlıq etməyə hazırdır", - o bildirib.
S. Durrani-Camal AİB-in son beş onillikdə Asiyada mürəkkəb multimodal nəqliyyat infrastrukturunun inkişafında təcrübəsini qeyd edib.
“Körpülər, dəmir yolları, şəhər metrosu, avtomobil yolları, hava limanları və limanlar da daxil olmaqla, Asiya-Sakit Okean bölgəsində mürəkkəb multimodal nəqliyyat infrastrukturunun inkişafında təcrübəmiz var”, - o vurğulayıb.
S.Durrani-Camal qeyd edib ki, regional infrastrukturun inkişafına yanaşma, əlbəttə ki, təcrübə əsasında inkişaf edib.
"AİB hazırda gömrük rəsmiləşdirilməsini asanlaşdırmaq və aktivlərin idarə edilməsini yaxşılaşdırmaq üçün ağıllı məlumat emalı və izləmə sistemlərindən istifadə edən regional şəbəkələr də daxil olmaqla, inteqrasiya olunmuş nəqliyyat şəbəkələrinin yaradılmasına yönəlib", - o izah edib.
S.Durrani-Camal AİB-in sadiqliyini göstərən konkret layihələri vurğulayıb. Bu layihələr arasında bu ilin sentyabr ayında Azərbaycan dəmir yolu sektorunun inkişaf proqramı üçün təsdiqlənmiş 131,5 milyon dollarlıq əlavə kredit var.
“Bununla yanaşı, hökumət və AİB Azərbaycan Dəmir Yollarının rəqəmsal transformasiya layihəsinə 47 milyon dollar investisiya edib, bu da əməliyyat səmərəliliyini artırmağa və yüklərin transsərhəd izlənməsini təkmilləşdirməyə yönəlib”, - o qeyd edib.
Bundan əlavə, AİB Azərbaycan Dəmir Yollarında kibertəhlükəsizlik və rəqəmsal bacarıqların səviyyəsini yüksəltməyə çalışır.
“AİB, eyni zamanda, dəmir yolu əməliyyatlarının kiber təhlükəsizliyini və öz əməkdaşlarının rəqəmsal bacarıqlarını inkişafı artırmaq üçün texniki yardım qrantı təqdim etməyi planlaşdırır
"Nəqliyyat və enerji infrastrukturu ilə yanaşı, Azərbaycan CAREC bacarıqların inkişafı və sağlamlığın qorunması üzrə işçi qruplarının fəal üzvüdür. Azərbaycan, həmçinin regional strategiyaların hazırlanmasında və regionun ölkələrində potensialın möhkəmləndirilməsi, işçi qüvvəsinin inkişafı və səhiyyə sahəsində göstəricilərin yaxşılaşdırılması üçün ən yaxşı təcrübə mübadiləsində mühüm rol oynayır. Gələcəkdə su təhlükəsizliyi məsələlərinin CAREC üzvləri arasında vacib müzakirə mövzusu olacağını gözləyirik", - S.Durrani-Camal deyib.
AİB-in Azərbaycanın "yaşıl" enerjiyə keçidinə dəstəyi – Böyükşor gölündə günəş enerjisi stansiyasına diqqət
Sünniya Durrani-Camal vurğulayıb ki, Azərbaycanın hökuməti və xalqı bu il COP29 konfransını təşkil etdiyi üçün mükafata layiqdir. Azərbaycanın əsas təşəbbüslərindən biri 2027-ci ilə qədər daxili istehlak üçün şəbəkəyə 1,870 MVt bərpa olunan enerji əlavə etmək öhdəliyidir. AİB artıq ölkədə müxtəlif uğurlu enerji layihələrinə 1,7 milyard dollar investisiya edib və hökumətin karbohidrogenlərdən "yaşıl" enerjiyə keçidini analitik araşdırmalar, siyasət üzrə konsultasiyalar və maliyyələşdirmə vasitəsilə dəstəkləməyə davam etməyi planlaşdırır.
"Azərbaycanın "yaşıl" enerjiyə keçidini dəstəkləmə strategiyamız günəş və külək enerjisinə investisiyaları, "yaşıl" enerji dəhlizlərinin inkişafını və elektrikli nəqliyyatın, o cümlədən, elektrikli avtomobillərin və "yaşıl" hidrogen kimi alternativ yanacaqların təşviqini əhatə edir", – nümayəndəliyin direktoru izah edib.
Eyni zamanda, AİB mərkəzi istilik sistemlərinin dekarbonizasiyasına kömək etməyə yönəlib.
Mühüm layihələrdən biri “Masdar” şirkətinin 230 MVt gücündə "Qaradağ" günəş elektrik stansiyasının maliyyələşdirilməsidir. Bu stansiya Qafqaz regionunda ən böyük günəş elektrik stansiyası olacaq.
“Qaradağ" günəş elektrik stansiyası 110 min evin elektrik enerjisi ilə təmin edilməsi və illik 200 min ton CO2 emissiyasının azaldılması məqsədini güdür” , – S.Durrani-Camal qeyd edib.
Bu layihə Azərbaycanda bərpa olunan enerji sahəsində mühüm bir mərhələdir və AİB-dən 21,4 milyon dollarlıq uzunmüddətli beynəlxalq maliyyələşdirmə ilə dəstəklənir. AİB, həmçinin, noyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgə maliyyələşdiriləcək 2 əlavə günəş layihəsi üçün idarə heyətinin təsdiqini istəməyə hazırlaşır.
2024-cü ilin iyulunda AİB, Energetika Nazirliyi və Azərbaycan Bərpa Olunan Enerji Agentliyi ilə birlikdə COP29-un əsas məkanına çevriləcək Bakı Olimpiya stadionunun yaxınlığında yerləşən Böyükşor gölündə 100 kVt gücündə üzən günəş fotovoltaik qurğusunun innovativ pilot layihəsini açıb.
“AİB Bakı və Azərbaycanın digər iqtisadi bölgələrində üzən günəş stansiyalarının idarə olunması üçün özəl sektorun iştirakını nəzərə alan alternativ biznes modellərini araşdırır”, – o qeyd edib.
Bundan əlavə, AİB ölkədə külək enerjisinə investisiyaları dəstəkləməkdə maraqlıdır və bu potensialı həm hökumət məmurları, həm də özəl investorlarla müzakirə etməyi planlaşdırır.
Regional səviyyədə Azərbaycan, Qazaxıstan və Özbəkistan 2024-cü il mayın 2-də Xəzər dənizi boyunca elektrik enerjisinin kabel vasitəsilə daşınması layihəsi üzrə AnlaşmaMemorandumu imzalayıb. Bu təşəbbüs Xəzər bölgəsindən bərpa olunan enerjinin dənizaltı kabel vasitəsilə Qara dəniz üzərindən Avropaya ötürülməsi məqsədini güdən "yaşıl enerji dəhlizləri" konsepsiyasının bir hissəsidir.
"Yaşıl" enerjinin daxili istifadəsini artırmaq məqsədilə AİB Azərbaycan hökumətinə elektrik avtobuslarının satın alınması vasitəsilə "yaşıl" elektromobillik infrastrukturunun inkişaf etdirməkdə öz köməyini təklif edir.
“Biz, həmçinin, Azərbaycanın mərkəzi istilik sisteminin dekarbonizasiyasını dəstəkləyirik və bu, AİB-in Azərbaycanın davamlı enerji gələcəyinə töhfə vermək istəyini vurğulayır”, – S. Durrani-Camal qeyd edib.
Yeni Dövlət Tərəfdaşlığı Strategiyası - AİB-nin görüşü
Asiya İnkişaf Bankı (AİB) hazırda 2025-2029 illər üçün Azərbaycan ilə yeni Tərəfdaşlıq Strategiyası hazırlayır ki, bu da onun investisiya və təşəbbüslərinin əsasını təşkil edəcək.
S. Durrani-Camal strategiyanın "yaşıl" infrastrukturun maliyyələşdirilməsi, su ehtiyatları və qida təhlükəsizliyi, ixracın şaxələndirilməsi və "yaşıl" bacarıqların inkişafı kimi əsas sahələrdə hərtərəfli araşdırmalara əsaslanacağını vurğulayıb.
"AİB əməliyyat yanaşmasını təkmilləşdirməyi planlaşdırır. Ümid edirəm ki, əməliyyat yanaşmamızı yaxşılaşdıracaq və müştərilərimizə təqdim etdiyimiz dəyəri aydın şəkildə nümayiş etdirəcəyik", – o qeyd edib.
O əlavə edib ki, AİB sektorlar üzrə ayrı-ayrı layihələrdən uzaqlaşmağa, bunun əvəzinə, çoxsektorlu həllərin birgə hazırlanması üçün dövlət qurumları arasında dialoqun təşviqinə çalışır.
"Təbii ki, layihələr ayrı-ayrı nazirliklər tərəfindən həyata keçirilə bilər, lakin nəticələr əməkdaşlıq vasitəsilə əldə olunacaq", – o açıqlayıb.
Resursların effektiv istifadəsinin əhəmiyyətini vurğulayan S.Durrani-Camal proqnozlaşdırılan su çatışmazlığı şəraitində kənd təsərrüfatı istehsalının genişləndirilməsi üçün kifayət qədər suyun təmin edilməsinin vacibliyini qeyd edib.
"Suyun və enerjinin səmərəliliyinin artırılması buna bir nümunə ola bilər", – o deyib.
Strategiyanın digər əsas vəzifəsi Azərbaycanın iqtisadiyyatını hidrokarbon modelindən istehsala, logistikaya və daha sonra biliklərə yönəlmiş iqtisadiyyata keçirməkdir.
S.Durrani-Camal hökumətin texnoparklara investisiya qoymaq və rəqəmsal bacarıqları inkişaf etdirmək üçün stimul yaratmaq səylərini qeyd edib.
"Hökumət texnoparklara investisiya üçün şərait yaradır və rəqəmsal bacarıqların inkişafını dəstəkləyir, həmçinin, Bakıdan kənar regionlarda və qızlar üçün təşəbbüslərlə bərabər imkanlar yaradır", - S.Durrani-Camal deyib.
Onun fikrincə, həm daxili, həm də beynəlxalq investisiyaların cəlb olunması üçün idarəetmə və şəffaflıq sahəsində daimi təkmilləşdirmələr tələb olunur.
"ASAN mərkəzlərinin yaradılması və dövlət müəssisələri ilə maliyyə qurumlarında idarəetmənin və şəffaflığın artırılması da daxil olmaqla, bir sıra addımlar atılır", – o izah edib.
"Kiçik biznesin inkişafını dəstəkləmək, davamlı orta sinifin formalaşması və münasib qiymətli yaşayış siyasətinin tətbiqi kimi vəzifələr daimi iş tələb edir. Bu mürəkkəb çağırışlar mərhələli həllər tələb edir", - o əlavə edib.
AİB, həmçinin, "Dövlət sektorunun idarə edilməsinin və effektivliyinin artırılması" sahəsində Azərbaycana texniki yardım göstərir, dövlət maliyyəsi, korporativ idarəetmə və özəl sektorun inkişafı üzrə texniki tövsiyələr təqdim edir.
"Dövlət maliyyəsinin idarə edilməsi çərçivəsində biz suveren "yaşıl" istiqrazlar, iqlim büdcəsinin etiketlənməsi, "yaşıl" dövlət maliyyə idarəçiliyinə keçid və KOB-lar üçün iqlim maliyyələşməsi üzrə texniki tövsiyələri daxil etdik. Biz kiçik və orta müəssisələrin davamlı, inklüziv aşağı karbonlu artım modelinə uğurla keçməsinə kömək edirik, iqlim dəyişməsinə dair yol xəritəsi və fəaliyyət planı hazırlayırıq.
Fəaliyyət planları aşağıdakı məqsədlərə yönəlib: i) KOB-lar arasında iqlim siyasətlərinin uyğunluğunu, harmonizasiyasını və inteqrasiyasını artırmaq; ii) Dövlət və özəl maraqlı tərəflərin və qərar qəbul edənlərin iqlim dəyişikliyinin nəticələrinin azaldılması və uyğunlaşma tədbirlərini KOB-ların investisiyaları və əməliyyatlarına inteqrasiya etmələri üçün potensialını gücləndirmək; iii) KOB-ların resurslara, o cümlədən, texnologiyalara, iqlim maliyyələşməsinə və iqlim məsləhət xidmətlərinə çıxışını artırmaq", - o əlavə edib.
AİB, həmçinin, Azərbaycan bankları ilə əməkdaşlıq üçün potensial imkanları araşdırır.
"Bu müzakirələrdə irəliləyişdən asılı olaraq AİB yerli banklara əhəmiyyətli dəstək verməyi planlaşdırır, beləliklə, onların ölkənin "yaşıl" iqtisadiyyatının inkişafına töhfə vermə qabiliyyətini artıracaq", - S.Durrani-Camal deyib.
Sonda, Sünni Durrani-Camal AİB-in Azərbaycanın inkişafındakı roluna inamını ifadə edərək, vurğulayıb ki, AİB-də istedadlı bir komanda var və o, əmindir ki, tərəfdaşların dəstəyi ilə AİB Azərbaycanın və regionun inkişafına əhəmiyyətli töhfələr verməyə davam edəcək.