...

TDT sammitinin yekunları üzrə Bişkek Bəyannaməsi qəbul ediləcək

Siyasət Materials 6 Noyabr 2024 07:58 (UTC +04:00)
TDT sammitinin yekunları üzrə Bişkek Bəyannaməsi qəbul ediləcək
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bişkek. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) Qırğızıstanda keçirilən sammitinin yekunları üzrə Bişkek Bəyannaməsi qəbul ediləcək.

Trend xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev TDT Xarici İşlər Nazirliyi rəhbərlərinin görüşündən əvvəl deyib.

"Əsas sənəd, münasibətlərimizin xarakterini və gələcək əməkdaşlığımızın perspektivlərini əks etdirən bəyannamədir. Əsas istiqamətlər təşkilatımızın üzvləri arasında siyasi dialoq, ticarət-iqtisadi əlaqələrin inkişafı, tranzit potensialının artırılması və ölkələrimiz arasında mədəni mübadilənin genişləndirilməsidir", - Qırğızıstanın xarici işlər naziri bildirib.

Bundan əlavə, o qeyd edib ki, katibliyin işi də daxil olmaqla, təşkilati məsələlərlə bağlı mühüm qərarlar qəbul ediləcək.

"Biz əsaslandırılmış qərarlar qəbul etməyə çalışırıq və təşkilatımızı aktual çağırışlara cavab vermək bacarığına malik fəal bir iştirakçı kimi görürük. Əminik ki, bugünkü tədbir uğurla keçəcək", - J.Kulubayev əlavə edib.

Qeyd edək ki, TDT XİN rəhbərlərinin görüşü Türk Dövlətləri Təşkilatının 11-ci Sammitindən əvvəl keçirilir. Sammitin mövzusu “Türk dünyasını gücləndirmək: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik”dir.

Ölkə liderləri TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafını müzakirə edəcək, təşkilatın cari gündəliyinin aktual məsələlərinə dair qərarlar qəbul edəcək, həmçinin Zirvə toplantısının yekun Bəyannaməsi də daxil olmaqla bir sıra çoxtərəfli sənədlər imzalayacaqlar.

Sammitin yekunlarına əsasən Türk Dövlətləri Təşkilatına 2025-ci il üçün sədrlik Qırğızıstan Respublikasına keçəcək.

Xəbər lenti

Xəbər lenti