...

Türk ölkələrinin iqtisadi birliyi TDT-nin uğurunun açarıdır - Qazaxıstanlı analitik

İqtisadiyyat Materials 5 Noyabr 2024 18:18 (UTC +04:00)
Türk ölkələrinin iqtisadi birliyi TDT-nin uğurunun açarıdır - Qazaxıstanlı analitik
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bişkek. Trend:

Qarşıdan gələn Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Bişkekdə keçiriləcək sammiti üzv ölkələr arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ olacaq.

Bunu Trend-ə qazaxıstanlı politoloq və Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin media kommunikasiyaları və Qazaxıstan tarixi kafedrasının professor köməkçisi Ayqerim Jampetova (Aigerim Zhampetova) deyib.

"Bu gün təşkilat 32-dən çox istiqamətdə əməkdaşlıq edir, bunlar arasında ən fəal olan, şübhəsiz ki, iqtisadi əməkdaşlıqdır", - A.Jampetova qeyd edib.

O əlavə edib ki, gələcəkdə rəqəmsallaşma sahəsində əhəmiyyətli inkişaf planlaşdırılır. Onun sözlərinə görə, bu sahədə mühüm layihələrdən biri "Rəqəmsal TIR"dır ki, bu da iştirakçı ölkələr arasında malların daha effektiv hərəkətinə kömək edir.

A.Jampetova həmçinin, türk ölkələri arasında əlaqələrin gücləndirilməsi üçün mədəni inteqrasiyanın əhəmiyyətini vurğulayıb.

“Astanada keçirilən son sammitdə iştirakçı ölkələr Astana Aktı və mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədlərini vurğulayan Bəyannamə də daxil olmaqla 12 saziş imzalayıblar. Komissiyanın üçüncü iclasında Türk Akademiyası və Türk dili İnstitutu tərəfindən TDT-yə üzv ölkələr üçün vahid əlifba yekdilliklə qəbul edilib ki, bu da mədəni və dil inteqrasiyası üçün əhəmiyyətli bir addımdır”, - A.Jampetova.

O, TDT-nin perspektivlərini analiz edərək, ölkələr arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşə biləcəyi əsas sahələri qeyd edib.

"6 noyabrda Qırğızıstanda keçiriləcək sammitin əsas istiqamətləri iqtisadi inteqrasiya, dayanıqlı inkişaf, rəqəmsal transformasiya və təhlükəsizlik olacaq. Təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilməsi planlaşdırılır, çünki bu, əməkdaşlığın ən perspektivli və zəruri sahələrindən biridir", - A.Jampetova.

"Həmçinin, rəqəmsal, aerokosmik sektorlarda və süni intellekt sahəsində birgə layihələr müzakirə olunur. Ən iri universitetlərin filiallarının yaradılması və elmi konfransların keçirilməsi də mühüm əhəmiyyət kəsb edir, bu da müasir çağırışlar şəraitində ölkələrimizin inkişafına kömək edəcək", - A.Jampetova əlavə edib.

O, vurğulayıb ki, elm və təhsil sahəsində səylərin birləşdirilməsi TDT ölkələri arasında qarşılıqlı anlayışın və dəstəyin güclənməsinə xidmət edəcək.

Bişkekdə keçiriləcək sammitin əhəmiyyətini şərh edən politoloq qeyd edib ki, bu, TDT iştirakçıları arasında siyasi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ olacaq.

"Qlobal çağırışlar və qeyri-müəyyənlik şəraitində bu forum əvvəllər hazırlanmış təşəbbüslərin həyata keçirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşması üçün mühüm platforma olacaq. Əsas mövzulardan biri, böyük ehtimal, iqtisadi inteqrasiya, xüsusən də türk dövlətləri üçün ortaq bir bazarın yaradılması olacaqdır", - A.Jampetova bildirib.

O, həmçinin görüşün təhlükəsizlik məsələləri və İslam Qida Təhlükəsizliyi Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib ki, bu da TDT-nin beynəlxalq arenada təsirini əhəmiyyətli dərəcədə genişləndirəcək.
A.Jampetova vurğulayıb ki, TDT ciddi geosiyasi çağırışlarla üzləşir və sammit blokun dünya səhnəsində mövqelərini gücləndirməyə kömək edə bilər.

"Bundan əlavə, Yaxın Şərqdə münaqişənin gərginləşməsi təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Sammit münaqişələrin sülh yolu ilə həlli, TDT-nin dünya səhnəsində daha müstəqil və koordinasiyalı bir mövqe əldə etməsi üçün platforma rolunu oynaya bilər", - o əlavə edib.

Qazaxıstanın qarşıdakı sammitdə iştirakından danışan A.Jampetova, onun türk dövlətlərin inteqrasiyasında açar rolunu vurğulayıb.

"Qazaxıstan ortaq bazar yaradılması təşəbbüsündə mərkəzi yer tutmaqdadır ki, bu da qarşılıqlı ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artıracaq və regionun xarici investorlar üçün cəlbediciliyini yüksəldəcək", - siyasi analitik bildirib.

Jampetova həmçinin vurğulayıb ki, Qazaxıstan türk ölkələrinin inteqrasiyasının mühüm tərkib hissəsi olan elm və təhsil mübadiləsinin genişləndirilməsini fəal dəstəkləyir.

"Elmi və təhsil mübadiləsinin genişləndirilməsi, eləcə də təhlükəsizliyin gücləndirilməsi Qazaxıstanın Mərkəzi Asiyada dayanıqlı inteqrasiya strukturu yaratmaq istəyini vurğulayır", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti