Bakı. Trend:
Hərbi-siyasi uğursuzluğa düçar olmuş rəsmi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və onun aparıcı dövləti olan Rusiya Federasiyası ilə münasibətlərində son üç ildə müşahidə edilən gərginliklər getdikcə kəskin xarakter alır. Rəsmi İrəvanın KTMT-də fəaliyyətini “dondurması” və qurumla bağlı tədbirlərdə iştirakdan qaçması iki ölkə arasındakı münasibətləri dalana gətirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin bu il noyabrın 28-də Astana şəhərində keçirilən növbəti iclasında iştirak etməməsi rəsmi Moskvanın “səbr kasasını daşdırıb”. Üstəlik, 2024-cü ilin may ayında Ermənistan KTMT-nin 2024-cü il büdcəsini maliyyələşdirməkdən imtina etdiyini açıqlayıb. Təşkilat rəsmiləri isə bildiriblər ki, bu qərara baxmayaraq, ölkədən 2025-ci il üçün də ödəniş tələb olunacaq.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, təşkilatın maliyyələşdirilməsi üzrə öhdəliklərini yerinə yetirməyən Ermənistan KTMT-də səsvermə hüququnu itirə bilər. O əlavə edib ki, təşkilatın maliyyələşdirilməsi bütün iştirakçı ölkələr üçün məcburidir və bu büdcə ortaq töhfələr hesabına formalaşır: “Rusiya KTMT-nin büdcəsinin yarısını ödəyir, digər iştirakçılar isə hər biri ödəyir, ödənişlərdən hər hansı imtina və ya gecikmə nəzərdə tutulmur: cari il üçün köçürülməyən məbləğlər borc yaradır”.
Xatırlatmaq lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimin süqutundan sonra dəfələrlə ölkəsinin KTMT-nin fəaliyyətində iştirakını dayandırdığını bəyan edib. Cari ilin sentyabrında isə təşkilatı Ermənistanın “təhlükəsizliyə təhdid” adlandıraraq, münasibətlərdə geri dönüş nöqtəsinin olmayacağını bəyan edib. Qərbin dəstəyi ilə hakimiyyətə gəlmiş Nikol Paşinyanın KTMT və Rusiyaya münasibəti, əslində, heç zaman səmimi olmayıb. Ermənistanın hazırkı baş naziri müxalifətdə olan zaman ölkəsinin təşkilatdan və Rusiyanın təsirindən çıxaraq Qərbə üz tutmasını təklif edirdi.
KTMT-yə üzvlüyü müqabilində rəsmi İrəvan Azərbaycanın torpaqlarının işğalını davam etdirəcəyini, habelə ölkəmizin hər hansı hərbi əməliyyat aparmaqdan çəkinəcəyini düşünürdü. Lakin Azərbaycanın ali siyasi-hərbi rəhbərliyi ötən illərdə düşmənin bu əsassız gözləntilərinə son qoyaraq, Ermənistan ərazisində milli təhlükəsizliyimizi təhdid edən istənilən legitim hərbi hədəfin məhvinə göstəriş vermək iradəsinə malik olduğunu sübut edib. İkinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə Ermənistan rəsmilərinin KTMT-dən hərbi yardım almaq üçün etdiyi əsassız müraciətlər isə rədd edilib. Təşkilat hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyini bəyan etməklə, neytral mövqe tutub, ölkəmizin ərazi bütövlüyünü tanıdığını nümayiş etdirib.
KTMT-nin bir neçə gün əvvəl Astanada keçirilən iclasında Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə bildirib ki, İkinci Qarabağ müharibəsi Ermənistan ərazisində getməyi üçün təşkilatın bu ölkəni müdafiə etməsinə heç bir əsas yox idi: “Düşünürəm ki, Ermənistanla KTMT arasında bugünkü vəziyyəti Ermənistandakı daxili siyasi problemlər diktə edir. Əlbəttə ki, bütün bunlar Qarabağdakı böhranın nəticələri ilə əlaqədardır…KTMT təşkilata üzv ölkəni xarici təcavüzdən qorumalıdır”.
KTMT-dən, o cümlədən Rusiyadan “əlini üzən” Nikol Paşinyan qurumdan çıxmağa çalışsa da, hələlik bu istiqamətdə qətiyyətli addım ata bilmir. Sadəcə, rəsmi İrəvan Rusiyaya qarşı etimadsızlığı hər fürsətdə açıq nümayiş etdirmək mövqeyi tutub. Aşkar görünür ki, Ermənistan Qarabağla bağlı 35 illik işğalçı siyasətin iflasından sonra Moskva ilə əlaqələrini məhdudlaşdırmaq, Qərbdəki hamilərinə, xüsusilə Fransaya üz tutmağa çalışır. Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasına xüsusi statusun verilməsini nəzərdə tutan qanun layihəsinin hazırlanması deyilənlərin əyani təzahürüdür. Ermənistan faktiki olaraq, Avropa İttifaqının hərbi kontingentini ərazisində yerləşdirmək istiqamətində addımlarını genişləndirir. Bu günlərdə isə təşkilatın nümayəndə heyəti Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlar proqramını hazırlamaq üçün İrəvana səfər edib.
Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin başa çatmadığı, mövcud sərhədlərin şərti xarakter kəsb etdiyi bir şəraitdə rəsmi İrəvanın Avropa İttifaqının missiyasını ölkəmizlə sərhəd ərazilərdə yerləşdirməsi ciddi suallar doğurur. Ərazisində hələ də Rusiya hərbi bazası yerləşən Ermənistanın ABŞ və Fransa hərbçiləri ilə birgə hərbi təlimlər keçirməsi də Rusiyanı şantaj etmək məqsədi daşıyır.
Bütün bunlara rəğmən, Ermənistanın yaxın perspektivdə ənənəvi for-post statusundan xilas olacağı da inandırıcı görünmür. Belə ki, bu ölkənin İran və Türkiyə ilə sərhədlərini bu gün də Rusiya hərbçiləri qoruyur, strateji əhəmiyyətli müəssisələri Moskvanın nəzarətindədir. Ermənistanın ticarət dövriyyəsinin böyük hissəsi Rusiyanın payına düşür. Son illərdə siyasi təzyiq aləti olaraq erməni iş adamlarının Rusiya bazarlarına çıxışının məhdudlaşdırılması, bəzi məhsulların idxalına Moskva tərəfindən qoyulan qadağa Ermənistan daxilində böyük təşvişə və təlatümlərə səbəb olub. Bu gün Ermənistanın istehsal etdiyi məhsulların satışı üçün ən əlverişli məkan Rusiya bazarlarıdır. Bu prosesləri sakit qarşılamayan Rusiya isə Ermənistana qarşı təzyiq rıçaqlarını hər an işə sala biləcəyinə, bunun rəsmi İrəvana “baha başa gələcəyinə” açıq eyhamlar edir.
1992-ci ildə iki ölkə arasında imzalanmış müqaviləyə görə, Rusiyanın hərbi bazası Ermənistan ərazisində 2044-cü ilədək qalmalıdır. Rusiya hərbi bazasının mövcudluğu şəraitində Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbyönümlü addımlarının mənasızlığı və səmərəsizliyi isə qətiyyən şübhə doğurmur.
MTM Analitik Qrup