Bakı. Trend:
Fevralın 7-də Azərbaycan Respublikasının Kuba Respublikasındakı səfiri Ruslan Rzayev Karib Ölkələri Birliyi (CARICOM) yanında səlahiyyətli nümayəndə təyin edilməsi ilə bağlı məktubunu təşkilatın baş katibi Karla Barnetə təqdim edib.
Azərbaycanın Kubadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və CARICOM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər CARICOM-un baş katibi və üzv ölkələrdən olan yüksək səviyyəli nümayəndə heyətlərinin COP29-da fəal iştirakını, konfrans çərçivəsində keçirilmiş ikitərəfli görüşləri və təşkilatın COP29 pavilyonunda öz stendi ilə təmsil olunmasını məmnunluqla qeyd ediblər.
Görüşdə, həmçinin Azərbaycan tərəfindən CARICOM-un üzv ölkələri də daxil olmaqla, kiçik ada dövlətlərinə göstərilən humanitar yardımlara toxunulub. Azərbaycan ilə CARICOM-a üzv dövlətlər arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan tərəfinin CARICOM-la əməkdaşlığa xüsusi önəm verdiyi qeyd olunub və həm təşkilatla, həm də üzv dövlətlərlə əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğu bildirilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.