Bakı. Trend:
ABŞ-ın Kolorado ştatının Denver şəhərində yerləşən Denver Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Khojaly Voices: A Day of Remembrance" (“Xocalının səsləri: Anım Günü”) adlı tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir “Koloradoda Azərbaycan Diasporu” təşkilatı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Anım mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın ABŞ-dəki Konsulluğunun əməkdaşları, Azərbaycan icmasının və yerli ictimaiyyətin üzvləri iştirak edib.
Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanlarının, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Koloradoda Azərbaycan Diasporu” təşkilatının rəhbəri Nigar Şıxsəfiyeva açılış nitqində Xocalı soyqırımı haqqında qonaqlara ətraflı məlumat verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, beynəlxalq ədalətin bərpası istiqamətində görülən işlərdən, 30 illik həsrətdən sonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışından danışıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun konsulu Ramiz Daşdəmirov soyqırımına ABŞ-də hüquqi qiymət verilməsinə nail olmaq üçün konsulluğun gördüyü işlərdən danışıb.
Konfransda ELTV və “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin “History of Azerbaijan” layihəsi çərçivəsində hazırladığı Xocalı faciəsindən bəhs edən film nümayiş olunub.
İcma üzvü Ülviyyə Adıgözəlova Xocalı soyqırımı qurbanlarının xatirəsinə həzin musiqi ifa edib. Koloradodakı icmamızın 5 nəfər azyaşlı üzvünün Xocalı soyqırımının qurbanı uşaq və körpələrə ithaf etdikləri teatr səhnəsi nümayiş olunub və müxtəlif şeirlər səsləndirilib.
Sonda icma üzvləri Kolorado ştatında diaspor təşkilatına yeni yaranmasına baxmayaraq, belə bir tədbirin təşkilinə görə minnətdarlıq ifadə edib və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd edək ki, bu cür tədbirlərin xüsusilə də ABŞ-də keçirilməsi, erməni dezinformasiyalarının qarşısının alınması və regionda davamlı sülh və sabitliyin təmin edilməsi məsələlərinə diqqətin yönəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu cür fəaliyyətlər, həmçinin regionda ədalət və həqiqətin bərpa edilməsinə də töhfə verir.