...

Siyasi münaqişələr artıq dünyanı dəyişib, müəyyənlik qeyri-müəyyənliklə əvəz olunub - Albaniya Prezidenti

Siyasət Materials 13 Mart 2025 11:21 (UTC +04:00)
Siyasi münaqişələr artıq dünyanı dəyişib, müəyyənlik qeyri-müəyyənliklə əvəz olunub - Albaniya Prezidenti
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Biz çoxtərəfli dialoqa sadiqliyimizi nümayiş etdiririk. Bugünkü tədbirin şüarı danışıqların fürsətlərə çevrilməsidir.

Trend xəbər verir ki, bunu bu gün Albaniya Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

O bildirib ki, dünyada baş verən siyasi münaqişələr artıq dünyanı dəyişib, müəyyənlik qeyri-müəyyənliklə əvəz olunub:

"Çağdaş dünyamız yalnız siyasi böhranla üzləşməyib. Eyni zamanda iqtisadi tənəzzül də baş verib. Bu gün dünya keçid dövründədir. Bu keçiddə azadlıq, demokratiya, insan haqları, ədalət və təhlükəsizlik kimi məfhumlar sınaqdan keçməkdədir. Burada kibertəhlükələr, mütəşəkkil cinayətlıq, saxta məlumatlar dominantlıq etməyə çalışır. Bizdən birlik, cəsarət tələb olunur. Çağırışlar yeni dünya düzəni üçündür. Biz sülhün bərpasını təbliğ etməliyik. Biz sərhədləri, dövlət suverenliyini qorumalıyıq. Bizdən regional və beynəlxalq şəkildə əməkdaşlıq tələb olunur", - o bildirib.

Onun sözlərinə görə, qeyri-qanuni miqrantların Avropaya axını bir daha onu göstərir ki, sərhədlərdə nəzarət kifayət dərəcədə deyil.

"COVID-19 pandemiyasının idarəedilmə təcrübəsi onu göstərdi ki, ən effektiv həll vahid reaksiya mexanizmidir. Bunun üçün də texnoloji inkişafa dəstək olmalıyıq, süni zəkanı inkişaf etdirməliyik. Biz öz dəyərlərimizə sadiq qalmalıyıq. Bizə elə bir dünya lazımdır ki, iqtisadi dayanıqlılıq əldə edilsin, münaqişələr həll edilsin, cəmiyyətlətimiz güclənsin, parçalanmasın”.

Dövlət başçısı Azərbaycan-Albaniya münasibətlərindən də söz açıb:

"Bizim uzunmüddətli dostluğumuz qarşılıqlı əməkdaşlıqda öz əksini tapıb, ələlxüsus iqtisadiyyat və infrastruktur layihələrini nəzərdə tuturam. Mən bu əməkdaşlıq və onun inkişafına sadiqəm, baxmayaraq ki, biz coğrafi baxımdan yaxın deyilik".

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti