Bakı. Trend:
2025-ci ilin 20 martında Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) 54-cü yüksək səviyyəli iclası keçirilib.
Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tədbirdə Azərbaycanı XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) təmsil edib.
Yüksək səviyyəli iclasda 30-dan yuxarı DAC üzvü olan ənənəvi donor ölkələri ilə yanaşı, Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, Bolqarıstan, Xorvatiya, Cənubi Afrika Respublikası və Hindistan da daxil olmaqla ümumilikdə 50-dən çox ölkə və 15-ə yaxın beynəlxalq qurum iştirak edib.
İclasın əsas məqsədi beynəlxalq inkişafa yardım sahəsində keyfiyyətin və nəticələrin artırılması, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı inkişaf üçün əlavə maliyyə mənbələrinin səfərbər edilməsi yollarının müzakirəsi olub.
AİDA-nın rəhbəri Elməddin Mehdiyev tədbirdə çıxış edərək, Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardım sahəsində qazandığı uğurlardan bəhs edib. O, həmçinin COP29-da əldə olunan tarixi nəticələrin inkişafa yardım sahəsi üçün də əhəmiyyətli olduğunu, iqlim maliyyəsi təcrübəsinin inkişafa yardımın maliyyələşməsinə tətbiq oluna biləcəyini vurğulayıb.
Mehdiyev, AİDA və OECD DAC-ın birgə təşkilatçılığı ilə COP29 çərçivəsində iqlim fəaliyyəti və rəsmi inkişafa yardım mövzusunda təşkil olunan tədbirə böyük maraq göstərildiyini qeyd edərək, yeni əməkdaşlıqların qurulmasının inkişafa yardımın səmərəliliyini artırmağa müsbət təsir göstərəcəyini bildirib.
Tədbirdə çıxış edən digər nümayəndələr isə, geosiyasi gərginliklər və iqtisadi çətinliklər fonunda rəsmi inkişafa yardımın təhlükə ilə üzləşdiyini, yardım göstərilərkən donor ölkələrin xarici siyasət maraqlarının deyil, yardım alan ölkələrin ehtiyaclarının əsas götürülməli olduğunu vurğulayıblar. Çoxtərəfliliyin əhəmiyyəti və innovativ maliyyə mənbələrinin cəlb edilməsinin vacibliyi də qeyd edilib.
Azərbaycan nümayəndə heyəti, səfər çərçivəsində OECD DAC-ın rəhbər şəxsləri ilə görüşlər keçirərək, beynəlxalq inkişafa yardım sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib.