Antalya. Trend:
Azərbaycan Suriyanın bərpa prosesində iştirak etməyə hazırdır.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşündə deyib.
Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik etdi.
Dövlətimizin başçısı dedi ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.
Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi.
Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.