Bakı. Trend:
Rəqəmsal məkan islamofob ritorikanın yayılması baxımından güclü alətə çevrilib.
Trend xəbər verir ki, bunu KAICIID (Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Mərkəz) baş katibi vəzifələrini icra edən Antoniu de Almeyda-Ribeyru Bakıda İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü il dönümünə həsr olunmuş “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.
“İslamofobiya yeni bir hal olmasa da, günümüzdə daha da güclənməkdədir. Bu, sistematik bir problemə çevrilib ki, bunu dünyanın hər yerindən daxil olan çoxsaylı məlumatlar və sübutlar təsdiqləyir.
Antoniu de Almeyda-Ribeyrunun sözlərinə görə, ayrı-seçkilik xarakterli tədbirlərin artması və internetdə dini nifrətin ən təhlükəli sürətləndiricilərindən birinə çevrilmiş ədavətli fikirlərin narahatedici səviyyədə çoxalması müşahidə olunur. Rəqəmsal məkan radikal ritorikanın yayılması üçün güclü bir alətə çevrilib, institutların reaksiyası isə kifayət qədər operativ olmadığından, icmalar daha da həssas vəziyyətə düşür.
"KAICIID-də bizim missiyamız dinlər və mədəniyyətlərarası dialoqu nifrət ritorikasına, dini ayrı-seçkiliyə və zorakılığa çağırışlara qarşı çevik güc kimi istifadə etməkdir", - deyə baş katibin səlahiyyətlərini icra edən şəxs vurğulayıb.