Bakı. Trend:
Dünyada islamofobiya hallarının artımı müşahidə olunur.
Trend xəbər verir ki, bunu İslam tarixi, mədəniyyəti və incəsənətinin tədqiqatı mərkəzinin baş direktoru (IRCICA) Mahmut Erol Kılıç “İslamafobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda deyib.
“Son illər bütün dünyada islamofobiyanın təzahürlərində artım müşahidə olunur, hərçənd bu artım müxtəlif bölgələrdə fərqli intensivliklə baş verir. Müsəlman kimliyinə görə insanlara qarşı aqressiv ritorika, ayrı-seçkilik və hətta zorakılıq hallarının çoxsaylı nümunələri qeydə alınıb”, - deyə Kılıç bildirib.
Onun sözlərinə görə, müxtəlif media vasitələrində islam və onun müqəddəs simvollarına qarşı yönəlmiş təhqiramiz ifadələrin yayılması davam edir.
“İslamofobiya konkret kontekstdən asılı olan siyasi-ideoloji hadisədir. Müxtəlif qüvvələr bu hadisədən xüsusilə qeyri-sabitlik dövrlərində – iqtisadi böhranlar, seçki kampaniyaları, miqrasiya və qaçqın axınları, eləcə də, müharibələr və terror aktları zamanı aktiv şəkildə manipulyasiya üçün istifadə edirlər”, - deyə o əlavə edib.
Kılıç qeyd edib ki, IRCICA islam və müsəlmanlar haqqında maarifləndirmə, mədəniyyətlərarası mübadilənin və qarşılıqlı öyrənmənin təşviqi istiqamətində fəaliyyət göstərir.
“Üzv ölkələrdə və onların hüdudlarından kənarda təşkil etdiyimiz konfranslar, incəsənət festivalları və müxtəlif mədəniyyətlərin nümayəndələrinin iştirakı ilə keçirilən master-klaslar kimi geniş fəaliyyət spektrimiz məhz bu məqsədə xidmət edir”, – deyə Kılıç vurğulayıb.