Bakı. Trend:
İslamofobiya bütövlükdə İslamın obrazını təhrif edib.
Bunu Trend-ə Dohada yerləşən Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin direktorlar şurasının sədrinin müavini Ayşə Yusif Əl-Mənnai (Aisha Yousuf Al-Mannai) Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransı çərçivəsində verdiyi açıqlamada deyib.
“İslamofobiya 2001-ci il sentyabrın 11-də baş verən hadisələrdən sonra beynəlxalq diskursda kök saldı və o vaxtdan bəri müxtəlif dinlərin nümayəndələri arasında dialoqda ciddi əngələ çevrildi. Elə təsəvvür yaranır ki, sanki Qərb bundan islama qarşı qorxu yaratmaq, müsəlmanları terrorçu kimi damğalamaq üçün bəhanə kimi istifadə etmək istədi. Məhz həmin hadisələrdən sonra bu anlayış geniş yayılmağa başladı. Problem təkcə müsəlmanlara qarşı qərəzli münasibətdə deyil, həm də islamın özünün ittiham olunmasındadır”, - deyə o bildirib.
Onun sözlərinə görə, islamofobiya sadəcə islamdan qorxu deyil, bu dinin məqsədli şəkildə təhrif olunması və zorakılıqda günahlandırılmasıdır.
“Ona görə də müsəlmanlar – və islamı ədalətli və obyektiv şəkildə qiymətləndirən ağıllı qeyri-müsəlmanlar – insanlara göstərmək istəyirlər ki, islam, əslində, mərhəmət, sülh və sevgi dinidir. O, insanları birliyə, əmin-amanlığa, qardaşlığa və əməkdaşlığa çağırır”,- deyə Əl-Mənnai vurğulayıb.
O, konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətinə xüsusi diqqət çəkib – bu ölkə dinlərarası dialoqu, tolerantlığı və sülh şəraitində birgəyaşayışı əməldə də nümayiş etdirir.
“Bu, sadəcə müzakirə meydanı deyil – bu, islama münasibətin yenidən dəyərləndirilməsi, onun əsl mahiyyətinin çatdırılması və təhlükəli stereotiplərin dağıdılması üçün çağırışdır”, - deyə o qeyd edib.
Əl-Mənnainin sözlərinə görə, konfransda islamofobiya ilə mübarizədə qadınların roluna xüsusi diqqət yetirilir. Sessiyalardan birində islamın qadına münasibəti – Qərbdə yayılmış stereotiplərdən fərqli olaraq – geniş şəkildə müzakirə olunur.