Bakı. Trend:
Azərbaycan KİV-lə əməkdaşlıqdan məmnun olardıq.
Bunu Trend-ə Qətərin Media Mərkəzinin direktoru Eyman Əl-Kəəbi Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransı çərçivəsində verdiyi açıqlamada bildirib.
“Mən Qətər Dövləti Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Qətər Media Mərkəzinin rəhbəri olaraq birgə media layihələri üzərində işi dəstəkləyirəm. Xüsusilə bu konfransın verdiyi önəmli ismarıcların təbliği məqsədilə Azərbaycan mediası ilə hər cür əməkdaşlığa məmnun olardıq”, – deyə o qeyd edib.
Əl-Kəəbi bildirib ki, Bakıda keçirilən bu konfrans sürətlə inkişaf edən rəqəmsal texnologiyalar fonunda baş tutur və bu da İslama ciddi təhdid yaradır.
“Bu gün rəqəmsal mühitlər, xüsusilə süni intellekt sahəsi, İslama və müsəlmanlara qarşı nifrət dolu ifadələrlə doludur. Müsəlmanlar İslamın əsl mahiyyətinə qətiyyən uyğun gəlməyən terminlərlə təsvir olunurlar. Halbuki İslam xalqlar arasında dözümlülük, sevgi, qarşılıqlı anlayış və mərhəmət dini olaraq tanınmalıdır”, – deyə o vurğulayıb.
Media Mərkəzinin direktoru İslam və müsəlmanlara qarşı nifrət dilinin yayılmasının qarşısını almaq məqsədilə genişmiqyaslı beynəlxalq əməkdaşlığın zəruriliyini də qeyd edib.
“Bu mühüm konfransı təşkil etdiyi və qonaqpərvərliyinə görə Bakıya təşəkkürümüzü bildiririk. Konfransın əsas məqsədi səyləri birləşdirərək, İslamı onun əsl, geniş və nəcib mahiyyətində təqdim etməkdir”, - deyə Əl-Kəəbi yekunlaşdırıb.