Bakı. Trend:
Gənclər islamofobiyaya qarşı incəsənət, fəallıq və maarifləndirmə yolu ilə mübarizə apara bilər.
Trend xəbər verir ki, bunu ABŞ-nin Müsəlman Təşkilatları Şurasının baş katibi Usama Əli Camal Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransında bildirib.
“İslamofobiyanın qidası cəhalətdir: istər islamın guya monolit bir din kimi qəbul olunması olsun, istərsə müsəlmanların guya demokratik dəyərlərə zidd olduqlarına inanılması, istərsə də islamın Qərb cəmiyyətləri ilə uzlaşmadığına dair fikirlər – bütün bunlar qorxu və parçalanmanı alovlandıran yanlış təsəvvürlərdir. Gənclər bu cür yanaşmalara incəsənət, fəallıq və maarifləndirmə yolu qarşı çıxa bilər”, – deyə o qeyd edib.
Şura baş katibinin sözlərinə görə, bu, öz mənəvi yolunu öz bloqunda paylaşan müsəlman yeniyetmə, universitetdə dinlərarası tədbir təşkil edən tələbə və ya “TikTok” platformasında yalan stereotipləri ifşa edən rəqəmsal məzmun müəllifi ola bilər.
“İnklüzivlik passiv hal deyil. Bu, düşüncəli yanaşma tələb edir. Gənclərin söz demək, eşidilmək və ədalətsizliyə cəsarətlə qarşı çıxmaq imkanı olmalıdır. Məktəblər, məscidlər və ictimai təşkilatlar formal mədəniyyət proqramlarından kənara çıxmalı, şəxsiyyət, irq və mənsubiyyət haqqında real müzakirələr üçün məkan yaratmalıdır”, – deyə Usama Əli Camal vurğulayıb.