...

Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın regional və qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi - ŞƏRH

Siyasət Materials 9 Avqust 2025 18:00 (UTC +04:00)
Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın regional və qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi - ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dünən ABŞ Prezidenti Trampın iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin Ağ Evdə sülh muqaviləsinin müzakirəsi üçün baş tutan tarixi görüş iki ölkə arasında sülh istiqamətində atılan addımların ən əhəmiyyətlisi oldu. Ağ Evdə imzalanan Bəyannamə təkcə iki ölkə üçün deyil, bütövlükdə regionun gələcək sabitliyi baxımından mühüm strateji əhəmiyyət kəsb edir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, bu sənəd uzun illər davam edən gərginlikdən sonra bölgədə real sülh perspektivlərinin formalaşmasına, tərəflərin beynəlxalq hüquqa əsaslanan münasibətlər qurmasına zəmin yaradır:

“Qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın Konstitusiyasında Azərbaycanın suverenliyinə zidd müddəaların çıxarılması və Zəngəzur dəhlizindən maneəsiz keçidin təmin edilməsi hər iki ölkəyə real və dayanıqlı əməkdaşlıq perspektivləri açır. Amerikada imzalanan bəyannamə təkcə logistik təhlükəsizliyi deyil, həm də böyük iqtisadi layihələrin icrasını təmin edəcək. Eyni zamanda, tərəflər arasında etimadı gücləndirərək bölgədə sabit əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək”.

Deputat vurğulayıb ki, Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

“Artıq iki ölkə arasındakı əməkdaşlıqlar strateji tərəfdaşlığa doğru irəliləyir. Ağ Ev görüşü zamanı imzalanan Bəyannamə qədər əhəmiyyətli olan hadisə Prezident Tramp tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanması oldu. Bəli, bu 907 saylı düzəliş uzun illər dövlətimizə qarşı ən böyük haqqsızlıq idi. Prezident İlham Əliyev Azərbaycan dövlətinə və xalqına qarşı olan bu haqqsızlığı da aradan qaldırdı.

Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı. Ermənistan öz konstitisiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını qəbul etdi. İlham Əliyev hər çıxışında deyirdi, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycanın qalib lideri Vaşinqtonda bu məqsədinə də nail oldu”, - deyə M.Cəfərov qeyd edib.

Milli Məclisin deputatı Günay Ağamalı isə Trend-ə açıqlamasında xatırladıb ki, son iki yüz ildə Cənubi Qafqaz ziddiyyətlərin və geosiyasi maraqların toqquşduğu məkan olaraq qeyri-stabil proseslərə ev sahibliyi edib. Müharibələr və onların yaratdığı dərin geopolitik böhran uzun müddət bölgənin inkişafına və tərəqqisinə əngəl törədib:

“8 avqust 2025-ci il tarixində Prezident İlham Əliyevin ABŞ-yə səfəri ölkəmizin xarici siyasət tarixində mühüm və tarixi əhəmiyyətə malik hadisə kimi yadda qalacaq. Vaşinqtonda keçirilən görüşlər, xüsusilə Ermənistanın Baş naziri ilə imzalanmış Birgə Bəyannamə, uzun illər davam edən münaqişə səhifəsini bağlayaraq regionda yeni sülh və əməkdaşlıq mərhələsinin əsasını qoydu. Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması bölgədə uzunmüddətli sabitlik, təhlükəsizlik və qarşılıqlı etimadın əsasını qoyan strateji dönüş nöqtəsidir”.

Millət vəkili vurğulayıb ki, bu sənəd, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, milli maraqlarımıza sarsılmaz bağlılığının və beynəlxalq hüquq normalarına əsaslanan sülh gündəliyini dünya ictimaiyyətinə qəbul etdirmək bacarığının növbəti parlaq təzahürüdür.

“Səfər çərçivəsində əldə olunan razılaşmalar, Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi.

ABŞ Prezidenti Donald Trampın prosesə verdiyi birbaşa dəstək, Güney Qafqazda dayanıqlı təhlükəsizlik və davamlı sülhün qurulmasına mühüm töhfə oldu. Bu səfər, eyni zamanda Azərbaycanın regional lider mövqeyini təsdiqləyərək yeni siyasi və iqtisadi imkanların qapısını açdı.

Hər bir azərbaycanlı üçün qürurverici məqam odur ki, Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik məharəti nəticəsində ölkəmiz bu gün təkcə regionda deyil, beynəlxalq arenada da aparıcı söz sahibidir”, - deyə G. Ağamalı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti