...

"Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzlərinin, akademik elmin və universitetlərin vəzifələri" müzakirə edilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 3 Dekabr 2025 10:04 (UTC +04:00)
"Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzlərinin, akademik elmin və universitetlərin vəzifələri" müzakirə edilib (FOTO) (YENİLƏNİB)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial Tədqiqatlar Mərkəzində Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışına həsr olunmuş “Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzləri, akademik elm və universitetlərin vəzifələri” mövzusunda dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, tədbirdə sosial və siyasi elmlərin müasir dövrdə qarşısında dayanan əsas çağırışlar, elmi tədqiqatların dövlət siyasəti ilə uzlaşdırılması, elmin strateji qərarların formalaşmasında rolu və akademik mühitin qlobal proseslər fonunda məsuliyyəti geniş şəkildə müzakirə olunub.

Dəyirmi masanı giriş sözü ilə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc açıb.

O bildirib ki, Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün parlaq səlnaməsini, Zəfər ruhunu alimlərimizlə bölüşmək, qalibiyyətimizi gələcək elmi hədəflərimizə yönəltmək məqsədinə xidmət edirdi:

"Həqiqətən, 90-cı illərdə məğlubiyyətimizin səbəblərindən biri də bütün sahələrdəki kimi alimlərimizin də Ermənistanla müharibədə hazırlıqsız yaxalanmaları oldu. Onlar vahid qüvvəyə çevrilə bilməmişdi. Elmi səfərbərlik yalnız Ulu öndərin hakimiyyətə qayıdışı ilə başlandı.

Heydər Əliyevin sovet dövründə Azərbaycan elminin formalaşması və inkişafındakı milsilsiz rolu onu təkrar hakimiyyətə gətirən qanunauyğunluq və sonrakı uğurların əsasını təşkil etdi. 1993-cü il sentyabrın 21-də Akademiyaya gələn lider ölkəmizin xaosdan çıxarılmasında bir zamanlar yetişdirdiyi alimlərə güvəndiyini göstərdi. Ulu öndər elmi müstəqil dövlət quruculuğunun tükənməz sərvəti, milli mədəniyyətin və intellektual kimliyin özülü, iqtisadi, texnoloji və siyasi suverenliyin qarantı, düşmənlə savaşda güclü ordu sayırdı. İndi suverenliyimiz şanlı ordumuzdan milli universitet və tədqiqat institutlarının, elm adamlarının üzərinə qoyulur. Şərəfli missiyadır".

Tədbirin digər iştirakçıları qeyd ediblər ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycan dilinin qorunmasının vacibliyi xüsusi vurğulanıb. Dövlət başçısının qeyd etdiyi kimi, dilimizin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının vəzifəsidir. Dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər və siyasətlə məşğul olan şəxslər bu məsələyə ciddi yanaşmalıdırlar.

Tədbirdə AMEA-nın 80 illik fəaliyyəti də qiymətləndirilib. Qeyd olunub ki, Akademiya Azərbaycanın elmi inkişafında aparıcı rol oynayıb. Ulu öndər Heydər Əliyev alimləri həmişə dəstəkləyib, Akademiyanın fəaliyyətini təkmilləşdirmiş və yeni elmi-tədqiqat institutları yaratmışdır.

Toponimlərin qorunması məsələsi də müzakirə edilib.

Tədbirdə həmçinin, Prezident İlham Əliyevin postmüharibə dövründə texnoloji inkişafın vacibliyini vurğulaması da geniş müzakirə olunub.

Tədbirdə iştirakçılar qeyd ediblər ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji istiqamətlər Azərbaycanın elmi potensialını gücləndirir. Bu istiqamətlər gənc tədqiqatçılar, universitet professorları və akademiklərin fəaliyyətində əsas prioritet olmalıdır.

Tədbirin sonunda vurğulanıb ki, elmi fəaliyyət gənc tədqiqatçılar üçün həm bilik mənbəyi, həm də milli inkişafın aparıcı dayağıdır. Eyni zamanda vurğulanıb ki, Prezident İlham Əliyevin elm adamlarına ünvanlanan çıxışı bütün tədqiqatçılar üçün daim istinad nöqtəsi olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti