Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürməsi respublika ictimaiyyəti tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır. Bu təşəbbüs bir daha təsdiq etdi ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin təməlində humanizm dəyərləri dayanır.
Qeyd edək ki, respublikamızda cəzasının müəyyən bir hissəsini çəkən və törətdiyi əməldən peşmançılıq keçirən məhkum olunmuş şəxslərin əfv edilməsi, bağışlanması ənənəsinin müəllifi xalqımızın Ulu Öndəri Heydər Əliyevdir. Bu ənənənin göstəricisi kimi 1995-2013-cü illərdə Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanıb. Həmçinin həmin dövrdə 7 amnistiya aktı qəbul edilib.
Heydər Əliyevin humanizm siyasətinin daha bir göstəricisi Azərbaycanda 1993-cü ildən ölüm hökmünün icrasının dayandırılmasıdır. Faktiki olaraq bu cəzanın icrasına moratorium qoyulub. Sonrakı beş il ərzində müxtəlif ağır cinayətlərə görə ölüm cəzasına məhkum edilmiş 120-dən çox şəxs barəsində ölüm hökmü icra olunmayıb. 1998-ci ildə isə Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü tamamilə ləğv edilib.
Prezident İlham Əliyev öz fəaliyyətində humanizm dəyərlərinə böyük önəm verir. Təsadüfi deyil ki, dövlətimizin başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.
Azərbaycan Prezidenti İlham Əliyev humanizm prinsiplərinə verdiyi xüsusi önəmin digər nümunələrindən biri isə respublikamızda əfvetmə institutunun fəaliyyətinin çevik və işlək mexanizmlər əsasında təmin olunmasıdır. Bunun da əsas göstəricilərindən biri törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərinin nəzərə alınmasıdır. Həmin müraciətlər Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən diqqətlə araşdırılır və cənab İlham Əliyevin bayram və əlamətdar günlərdə ölkəmizin imzaladığı əfv sərəncamları ilə müraciət edənlərin bir qismi cəzalarının çəkilməmiş hissəsindən tam azad olunur və ya cəzaları azaldılır. İndiyə kimi Prezident İlham Əliyev tərəfindən 39 əfv sərəncamı imzalanıb və nəticədə 7060 nəfər əfv olunub. Ümumilikdə isə 1995-2025-ci illərdə imzalanmış ümumilikdə 71 əfv fərman və sərəncamı ilə 101 min 62 nəfər məhkum əfv olunub.
Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə həmçinin 5 dəfə amnistiya elan olunub. Milli Məclis tərəfindən 2007-ci ildə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında», 2009-cu ildə «Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında», 2013-cü ildə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» və 2016-cı il mayında 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarlar qəbul edilmişdir. 4 amnistiya aktı əsasında 40 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. Qeyd edək ki, bu amnistiya qərarlarının təşəbbüskarı həmin illərdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərmiş Azərbaycanın Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Öz fəaliyyətində daim humanizm və insanpərvərlik məfkurəsinə söykənən Mehriban xanım Əliyevanın təşəbbüsləri amnistiyaların elan edilməsi cəmiyyətimiz tərəfindən böyük minnətdarlıqla qarşılanmış, neçə-neçə ailəni sevindirmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü əsasında isə 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya aktı elan olunub. Bu amnistiya 17 mindən artıq şəxsə şamil edilib.
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü isə tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya aktı olacaq. Qeyd edək ki, Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək irəli sürüb.
Dövlət başçısının təşəbbüsü əsasında hazırlanan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərar layihəsi artıq parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub. Sabah isə Milli Məclisin plenar iclasında bu məsələ müzakiriyə çıxarılacaq.
Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad olunacaq və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
Bu amnistiyanın ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
“Konstitusiya və Suverenlik İli” münasibətilə elan ediləcək amnistiyaya düşəcək şəxslər dövlət və xalq qarşısında böyük mənəvi məsuliyyət daşıyırlar. Çünki bu, onlara dövlət başçısının göstərdiyi böyük etimaddır. Eyni zamanda bu azadlıq onlara ilk növbədə Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olması nəzərə alınaraq veriləcək. Ona görə amnistiyanın şamil olunduğu hər bir şəxs bu şansı, o cümlədən, dövlət və xalq qarşısındakı məsuliyyətini düzgün dəyərləndirməlidir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı