Bakı.Trend:
Azərbaycan Respublikası Somali Federativ Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha bəyan edir.
Trend xəbər verir ki, bu barədə Somalidə baş verən son hadisələrlə bağlı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, Somali Federativ Respublikasının “Somalilənd” regionunun tanınması beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə ziddir.
"Azərbaycan öz ərazisində, beynəlxalq hüquqa zidd olaraq, xarici hərbi işğal və separatizmlə bağlı ağrılı təcrübə yaşayıb.
Azərbaycan Respublikası bu prinsipləri və öz təcrübəsini rəhbər tutaraq, bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunub saxlanmasına qəti şəkildə sadiq qalır və beynəlxalq ictimaiyyəti məsuliyyətlə və beynəlxalq hüquq normalarına tam uyğun hərəkət etməyə çağırır", - bəyanatda qeyd olunub.
