...

Ağır hərbi cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılması tələbi etikadan kənardır - Hikmət Hacıyev

Siyasət Materials 19 Fevral 2026 14:14 (UTC +04:00)
Ağır hərbi cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılması tələbi etikadan kənardır - Hikmət Hacıyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ağır hərbi cinayətlərdə ittiham olunan şəxslərin azad edilməsinə çağırışlar əxlaqsız və etikadan kənardır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

Hikmət Hacıyev qeyd edib ki, məhkəmənin oliqarx Ruben Vardanyan barəsində qəbul etdiyi qərar təkcə ədalətin bərpası aktı deyil, həm də Azərbaycan xalqına böyük iztirablar yaşatmış təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur.

“Azərbaycan münaqişənin hərbi-siyasi həllinin unikal modelini təşviq edərək və münaqişədən sonrakı sülh gündəliyini təşəbbüsünü irəli sürərək, eyni zamanda hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin, o cümlədən Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinin məsuliyyətə cəlb edilməsini təmin edib”, – deyə o yazıb.

O bildirib ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu məhkəmə qərarlarının çıxarılması həmin faciənin və ümumilikdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramın ifadəsidir.

“Biz Nürnberq prosesi, keçmiş Yuqoslaviya və ya Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı kimi tribunalların və ya beynəlxalq məhkəmələrin yaradılmasını gözləyirdik. Lakin müasir ədalətsiz beynəlxalq mühitdə hətta hüququn tətbiqi belə getdikcə siyasiləşdirilir və ikili standartlara məruz qalır”, – deyə o əlavə edib.

H. Hacıyevin sözlərinə görə, buna görə də Azərbaycan açıq məhkəmə prosesləri təşkil edib və öz hüquq sistemi vasitəsilə ədaləti təmin edərək beynəlxalq ictimaiyyətə nümunə göstərib.

“Eyni zamanda, müəyyən dairələrin – o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin və “Amnesty International” kimi təşkilatların ağır hərbi cinayətlərdə ittiham olunan şəxslərin azad edilməsinə çağırış etməsi tamamilə əxlaqsız və etikadan kənardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində deyib:

"İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.... Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi"", – deyə o qeyd edib.

H. Hacıyev vurğulayıb ki, harada cinayət törədilirsə, orada məsuliyyət də olmalıdır- və ədalət tam şəkildə təmin edilib.

“İnsanlığa qarşı cinayətlərdə ittiham olunan şəxsin bəraət alması həmin cinayətlərin legitimləşdirilməsi və məsuliyyət prinsipinin sarsıdılmasında əlbirlik anlamına gəlir. Davamlı sülh və etnik barışıq ədalətsiz mümkün deyil. Azərbaycan regional sülh gündəliyinin təşviqi və möhkəmləndirilməsi istiqamətində ardıcıl səylərini davam etdirəcək”, – deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti