Bakı. Trend:
Azərbaycanın xarici siyasəti son illərdə təkcə beynəlxalq təşəbbüslərdə fəallığı ilə deyil, həm də diplomatik korpusun çevik və məqsədyönlü idarə olunması ilə diqqət çəkir. Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, yeni iqtisadi və siyasi əməkdaşlıq platformalarının formalaşdığı bir dövrdə dövlətlərin diplomatik resurslarını yenidən bölüşdürməsi artıq zərurətə çevrilib. Azərbaycan da bu reallığı nəzərə alaraq xarici siyasət strategiyasını daim yeniləyən və beynəlxalq münasibətlər sistemində dəyişikliklərə çevik uyğunlaşan ölkələr sırasındadır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Bu siyasətin əsas xüsusiyyətlərindən biri milli maraqların qorunması ilə yanaşı, əməkdaşlıq coğrafiyasının genişləndirilməsi, iqtisadi diplomatiyanın gücləndirilməsi və strateji tərəfdaşlarla münasibətlərin yeni mərhələyə yüksəldilməsidir. Son diplomatik təyinatlar da məhz bu uzunmüddətli strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Diplomatik korpusda geniş rotasiya: Prezidentin yeni sərəncamları
Prezident İlham Əliyevin son günlər imzaladığı sərəncamlarla Azərbaycanın diplomatik korpusunda genişmiqyaslı dəyişikliklər həyata keçirilib. Sərəncamlara əsasən, Türkiyədə səfir vəzifəsini icra edən Rəşad Məmmədov Özbəkistana səfir təyin olunub, İtaliyadakı səfir Rəşad Aslanov isə Türkiyəyə göndərilib. Hindistandakı səfir Elçin Hüseynli İtaliyaya, Tacikistandakı səfir Əlimirzamin Əskərov Qazaxıstana təyin edilib, Tacikistana isə Elxan Qəhrəman səfir göndərilib.
Eyni zamanda, BMT-nin Cenevrə bölməsi, Avstriya, Serbiya və Macarıstandakı diplomatik nümayəndəliklərdə də yeni təyinatlar həyata keçirilib. Türkiyənin İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarda rəhbərlik dəyişdirilib. Beləliklə, həm ikitərəfli münasibətlər baxımından strateji əhəmiyyət daşıyan ölkələrdə, həm də beynəlxalq təşkilatlar yanında Azərbaycanın təmsilçiliyində yeni kadr bölgüsü formalaşdırılıb.
Rotasiyalar yeni mərhələnin diplomatik tələblərindən irəli gəlir
Diplomatik xidmət sistemində rotasiya təkcə kadr dəyişikliyi deyil, dövlətin xarici siyasət prioritetlərinin yenilənməsinin praktik göstəricisidir. Müxtəlif ölkələrdə uğurla fəaliyyət göstərmiş diplomatların yeni istiqamətlərə göndərilməsi onların topladıqları təcrübənin fərqli regionlarda tətbiqinə, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradır.
Azərbaycanın son illərdə Türk dünyası, Mərkəzi Asiya, Avropa və beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi diplomatik korpus qarşısında da yeni vəzifələr müəyyənləşdirib. Bu baxımdan aparılan dəyişikliklər ölkənin nəqliyyat, enerji, investisiya, ticarət və regional təhlükəsizlik sahələrində artan roluna uyğun diplomatik resursların daha səmərəli yerləşdirilməsinə xidmət edir. Bu yanaşma həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində çevik qərarlar qəbul edən və uzunmüddətli strateji planlaşdırma həyata keçirən dövlət olduğunu göstərir.
Deputat: Rotasiya məqsədyönlü xarici siyasətin tərkib hissəsidir
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamran Bayramov hesab edir ki, son həftələrdə həyata keçirilən diplomatik təyinatlar Azərbaycanın xarici siyasətdə “fəal rotasiya” prinsipini tətbiq etdiyini göstərir. Onun sözlərinə görə, diplomatların uzun illər eyni ölkədə fəaliyyət göstərməsi əvəzinə, əldə etdikləri təcrübəyə uyğun yeni strateji istiqamətlərə yönləndirilməsi dövlətin xarici siyasətinin daha səmərəli həyata keçirilməsinə xidmət edir.
Deputat bildirib ki, Türkiyədə fəaliyyət göstərmiş səfirin Özbəkistana, Tacikistandakı səfirin isə Qazaxıstana təyin olunması Mərkəzi Asiya və Türk dünyası istiqamətində kadr potensialının daha rasional bölüşdürülməsinin göstəricisidir. Onun fikrincə, bu addımlar Azərbaycanın region ölkələri ilə əlaqələri institusional əsasda daha da gücləndirmək niyyətindən xəbər verir.

K.Bayramov qeyd edib ki, İstanbul və Qars baş konsulluqlarında aparılan dəyişikliklər də Türkiyə ilə münasibətlərin yalnız dövlətlərarası deyil, regional və konsulluq səviyyəsində də genişləndirilməsinə hesablanıb. Bu isə ticarət, logistika, humanitar əlaqələr və vətəndaşlara göstərilən konsulluq xidmətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, Türkiyədə təcrübə qazanmış diplomatın Özbəkistana göndərilməsi Orta Dəhliz layihəsi çərçivəsində Türk dövlətləri arasında koordinasiyanın daha da gücləndirilməsinə xidmət edə bilər. O hesab edir ki, bu yanaşma “Türk dünyası” konsepsiyasının praktik diplomatik mexanizmlərlə dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
K.Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin son çıxışlarında investisiyalar, ticarət, turizm və iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirməsi diplomatik korpusun yenilənməsinin də ilk növbədə iqtisadi diplomatiyanın gücləndirilməsinə hesablandığını göstərir. Onun qənaətincə, həyata keçirilən rotasiya təsadüfi qərarlar deyil, Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun sistemli və məqsədyönlü davamıdır.
Yeni təyinatlar Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirəcək
Azərbaycanın xarici siyasəti artıq yalnız mövcud əlaqələrin qorunmasına deyil, yeni əməkdaşlıq platformalarının yaradılmasına və beynəlxalq təsir imkanlarının genişləndirilməsinə yönəlib. Xüsusilə suverenliyin tam bərpasından sonra ölkənin diplomatik fəaliyyətinin məzmununda yeni prioritetlər formalaşıb. Bu isə diplomatik nümayəndəliklərin fəaliyyətində çevikliyin və peşəkar kadr siyasətinin əhəmiyyətini daha da artırır.
Bu gün Azərbaycan həm Türk dünyasının inteqrasiyasında, həm Avropa ilə enerji tərəfdaşlığında, həm də beynəlxalq təşkilatlarda fəal iştirak edən dövlət kimi çıxış edir. Belə bir şəraitdə diplomatik korpusun dövrün çağırışlarına uyğun yenilənməsi ölkənin artan beynəlxalq nüfuzunun qorunmasına və milli maraqların daha effektiv müdafiəsinə xidmət edən mühüm alətlərdən biri hesab olunur.
Millət vəkili: Planlı rotasiya Azərbaycanın yeni geosiyasi mərhələyə uyğun siyasətidir
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Məzahir Əfəndiyevin fikrincə, Azərbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirilən ardıcıl xarici siyasət nəticəsində həm diplomatik nümayəndəliklərin fəaliyyətini gücləndirib, həm də xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını və dövlət maraqlarının müdafiəsini prioritet istiqamətlərdən birinə çevirib. Onun sözlərinə görə, bu strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də uğurla davam etdirilir və ölkənin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Deputat qeyd edib ki, Azərbaycanın çoxvektorlu xarici siyasəti dövlətin siyasi gücünü və beynəlxalq etibarlılığını daha da artırıb. Suverenliyini tam bərpa etmiş Azərbaycan artıq dəyişən geosiyasi reallıqlara uyğun olaraq həm taktiki, həm də strateji xarakter daşıyan diplomatik qərarlar qəbul edir.

M.Əfəndiyev bildirib ki, Türkiyə, Özbəkistan və digər ölkələrdə həyata keçirilən səfir dəyişiklikləri Xarici İşlər Nazirliyi tərəfindən əvvəlcədən müəyyən edilmiş prinsiplərə uyğun planlı rotasiya prosesinin tərkib hissəsidir. O vurğulayıb ki, bu təyinatlar dost və strateji tərəfdaş dövlətlərlə münasibətlərin yeni mərhələdə inkişaf etdirilməsinə, əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir.
Deputat bildirib ki, Azərbaycan beynəlxalq və regional prosesləri daim diqqətlə izləyir, milli maraqlarını təmin etmək üçün zəruri addımlar atır və diplomatik fəaliyyətini yeni çağırışlara uyğun şəkildə təkmilləşdirir. Onun sözlərinə görə, yeni təyin olunmuş səfirlər də Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlər əsasında ölkəmizi yeni geosiyasi şəraitdə layiqincə təmsil edəcəklər.
M.Əfəndiyev hesab edir ki, həyata keçirilən kadr dəyişiklikləri Azərbaycanın uğurlu xarici siyasət kursunun davamıdır və ölkəmiz bundan sonra da milli maraqlarını bütün beynəlxalq platformalarda qətiyyətlə müdafiə etməklə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək.
Azərbaycan diplomatiyası yeni mərhələyə qədəm qoyur
Son diplomatik təyinatlar göstərir ki, Azərbaycan xarici siyasətdə dəyişən beynəlxalq reallıqları əvvəlcədən qiymətləndirərək öz diplomatik imkanlarını həmin prioritetlərə uyğun formalaşdırır. Təcrübəli diplomatların yeni istiqamətlərə göndərilməsi, strateji ölkələrdə və beynəlxalq təşkilatlarda nümayəndəliyin yenilənməsi ölkənin uzunmüddətli milli maraqlarına hesablanmış siyasətin davamıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq etimadını daha da artırır, ölkənin etibarlı tərəfdaş imicini möhkəmləndirir və regional təşəbbüslərdə aparıcı rolunu gücləndirir. Diplomatik korpusda aparılan son rotasiyalar da göstərir ki, Azərbaycan yalnız mövcud uğurları qorumaqla kifayətlənmir, eyni zamanda gələcək geosiyasi və iqtisadi çağırışlara hazır olmaq üçün xarici siyasət alətlərini davamlı şəkildə təkmilləşdirir.
