...

"MÜSTƏQİL MEDİA-2005" SEÇKİ BLOKUNUN NAMİZƏDLƏRİ RAYONLARDAN İRƏLİ SÜRÜLƏCƏKLƏR

Siyasət Materials 18 İyul 2005 15:53 (UTC +04:00)

"Müstəqil Media-2005" seçki blokunun parlament seçkisində iştirak edən üzvləri namizədliklərini Azərbaycanın rayonlarından irəli sürəcəklər. Bu barədə Trend ə blokun üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid məlumat verib. O bildirib ki, gələn həftə media blokunun seçkidə iştirak edəcək namizədləri və onların seçki dairələri dəqiqləşəcək.

R.Məcidin sözlərinə görə, bu həftə Milli Mətbuatın 130 illik yubileyinə təsadüf etdiyindən seçki ilə bağlı görüləcək işlər və müzakirələr gələn həftəyə təxirə salınıb. R.Məcid gələn həftədən başlayaraq media bloku üzvlərinin regionlara səfər edəcəklərini də açıqlayıb.

"Blokun namizədləri rayonlardakı seçki dairələrindən irəli sürüləcəklər, ona görə də regionlara səfərlər və yerli əhali ilə görüşlər nəzərdə tutulub. Bu işlər əsasən təbliğat kampaniyası dövründə intensivləşəcək",-deyə, R.Məcid bildirib. O, öz namizədliyini Ağcəbədi rayon 82 saylı seçki dairəsindən irəli sürmək niyyətində olduğunu deyib.

R.Məcid həmçinin əlavə edib ki, media blokuna yeni üzvlərin qəbul edilməsi də gözlənilir. Bunlar ictimaiyyət nümayəndələri, ziyalılar ola bilərlər. Hələlik isə media blokunun 4-5 nəfər namizədi var.

Xəbər lenti

Xəbər lenti