...

MÜXALİFƏT PARTİYALARI RUSLAN BƏŞİRLİNİN ƏMƏLİNİ MƏNFİ QİYMƏTLƏNDİRİR, HƏM DƏ BÜTÜN MÜXALİFƏTİN GÜNAHLANDIRILMASINI DÜZGÜN SAYMIR

Siyasət Materials 5 Avqust 2005 18:53 (UTC +04:00)

İqtidar-müxalifət mövqeyində dayanmasından asılı olmayaraq ölkədə fəaliyyət göstərən siyasi partiyalar "Yeni fikir" gənclər təşkilatının rəhbəri Ruslan Bəşirlinin Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlığına etirazlarını bildiriblər. Bu məsələ ilə bağlı Trend ə açıqlamalar verən siyasi partiya rəhbərləri sözügedən faktı milli maraqlara zidd hadisə kimi qiymətləndiriblər.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, AXCP-nin fəal üzvü kimi tanınan R.Bəşirliyinin hərəkəti həm Azərbaycan müxalifəti, həm də cəmiyyət üçün arzuolunmaz haldır.

S.Rüstəmxanlının fikrincə, siyasi hərəkatlara qoşulan gənclərin belə istiqamətlərə meyllənməsi təhlükəli amildir və bu, siyasi partiya rəhbərlərindən məsuliyyətli olmağı tələb edir. R.Bəşirlinin özünün hansı məsuliyyəti daşımasına gəldikdə isə, S.Rüstəmxanlı deyib ki, bu hadisəni araşdırmaq və məsuliyyəti müəyyən etmək hüquq mühafizə orqanlarının işidir.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Əli Əliyev deyib ki, dövlətçilik maraqlarını heç bir siyasi partiya, ayrı-ayrı şəxslər şəxsi məqsədlərə qurban verməməlidir. Lakin o, bildirib ki, R.Bəşirlinin hərəkətinə görə hüquqi baxımdan AXCP məsuliyyət daşımır, partiya bu məsələdə yalnız mənəvi məsuliyyəti bölüşür. Buna baxmayaraq, Ə.Əliyev eyni zamanda hesab edir ki, bu hadisəyə görə bütün müxalifəti günahlandırmaq, onu ləkələmək düzgün deyil.

Ədalət Partiyasının sədri İlyas İsmayılov bildirib ki, kimliyindən asılı olmayaraq azərbaycanlının erməni ilə görüşməsi, hansısa formada əməkdaşlıq etməsi yolverilməzdir. Lakin İ.İsmayılov bildirib ki, hazırda istintaq işi getdiyindən R.Bəşirlinin əməli haqqında ictimai fikir formalaşdırmaq qanuna ziddir və mənəvi baxımdan da doğru deyil.

Yurddaş Partiyasının sədri Mais Səfərli Azərbaycan vətəndaşlarının, xüsusilə də gənclərin ermənilərlə hər hansı əlaqələr qurması, hansısa formada onlardan maliyyələşməsi təəssüf doğuran haldır. Millət vəkili hesab edir ki, belə halların baş verməməsi üçün dövlətin müdaxiləsi lazımdır.

Xəbər lenti

Xəbər lenti