...

AŞPA SƏDRİ ASİM MOLLAZADƏ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 22 Avqust 2005 19:20 (UTC +04:00)

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene Van Der Linden avqustun 22-də Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə görüşüb. Bu barədə Trend ə partiyadan məlumat verilib.

Görüşdə Azərbaycanla Avropa Şurası arasındakı münasibətlər, Azərbaycandakı ictimai-siyasi durum, Dağlıq Qarabağ probleminin həlli yolları, DİP-in parlament seçkilərinə hazırlıq vəziyyəti, demokratik institutların ölkəmizdəki fəaliyyəti barədə müzakirələr aparılıb.

Rene Van Der Linden bildirib ki, Avropa Şurası Azərbaycanda keçiriləcək parlament seçkisini diqqət mərkəzində saxlayır. O, qeyd edib ki, Avropa Şurası artıq seçkiqabağı prosesləri yaxından izləyir və seçkilər bu beynəlxalq qurumun müşahidə heyəti tərəfindən müşahidə olunacaq.

Avropa Şurasının seçki prosesinin şəffaf olmasını arzuladığını bildirən AŞPA sədri Avropa qurumlarının Azərbaycanda seçkilərin demokratik şəraitdə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini ifadə edib.

Asim Mollazadə isə qonağa parlament seçkisi öncəsi ölkədəki

İctimai-siyasi vəziyyət, DİP-in fəaliyyəti barədə məlumat verib. O, partiyasının seçkilərdə fəal iştirak edəcəyini, DİP-in seçkilərə hazırlıq vəziyyətinin normal səviyyədə olduğunu deyib.

A.Mollazadə Demokratik İslahatlar Partiyasının Azərbaycanın Avro-Altantik məkana inteqrasiyası istiqamətində ciddi fəaliyyət göstərdiyini, ölkədə demokratik islahatların həyata keçirilməsi üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışdıqlarını AŞPA sədrinin diqqətinə çatdırıb. Bundan əlavə, A.Mollazadə DİP-in birinci təsis qurultayında ilk dəfə Sevda Ələkbərzadənin ifasında muğam-caz stilində səsləndirilmiş Bethovenin "Sevinc odası" əsəri əsasında hazırlanan Avropa Himninin diskini qonağa təqdim edib.

O, Rene Van Der Lindendən Avropa himninin bu yeni versiyasını Avropa Şurasının rəsmi saytında yerləşdirməyi və Avropa Şurasında onun təqdimat mərasimini keçirməyi xahiş edib.

Xəbər lenti

Xəbər lenti