...

SƏRDAR DENTKAŞ: "AZƏRBAYCAN DÖVLƏTİNDƏN BUNDAN ARTIĞINI TƏLƏB ETMİRİK"

Siyasət Materials 30 Avqust 2005 20:42 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ilə avqustun 30-da Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində görüş keçirilib. Trend in məlumatına görə, Dövlət Komitənin sədri Nazim İbrahimov və Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri, baş nazirinin müavini Sərdar Dentkaş səmimi söhbət ararıblar, sonra kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırıblar.

Sərdar Denktaş dəvətə görə Nazim İbrahimova təşəkkürünü bildirib, Azərbaycana ilk səfərlərini yüksək qiymətləndirdiyini deyib. O, Azərbaycan hökumətinin cəsarətli addım atdığını da xüsusi vurğulayıb. "Bizim üçün ən vacib məsələ Quzey Kıbrıs və Azərbaycan xalqlarının dostluğu, qardışlığıdır. Azərbaycan prezidenti İlham Əliyevlə görüşümüzü, onunla səmimi söhbətlərimizi heç vaxt unutmayacağıq. Azərbaycan dövlətinin bu addımı Quzey Kıbrıs probleminin çözülməsində mühüm addımlardan ola bilər və bu cəsarət bütün dünya dövlətləri üçün örnək olmalıdır"-deyə Sərdar Denktaş vurğulayıb. O, Azərbaycan dövlətindən indiki isti münasibətlərdən artıq heç nə istəmədiklərini və Şimali Kiprin tanınmasını tələb etməyə haqları olmadığını da dilə gətirib: "Biz Azərbaycanı çətinə, gücə salmaq istəmirik"-deyə Şimali Kiprin rəsmisi vurğulayıb. O, ölkəsində Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasiminin keçiriləcəyini də diqqətə çatdırıb.

Çıxışından sonra Sərdar Dentkaş Nazim İbrahimova Şimali Kiprdən gətirdiyi hədiyyələrini təqdim etdi.

Nazim İbrahimov da öz növbəsində qonaqları salamlayaraq onların Azərbaycana səfərindən və Dövlət Komitəsində qonaq olmalarından məmnunluq duyduğunu qeyd edib. Komitə sədri Azərbaycanın Şimali Kiprlə əlaqələrinin bundan sonra da davam etdirəcəyini, oradan Bakıya hava reyslərinin də davamlı olacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, Şimali Kiprdən nümayəndə heyətinin Azərbaycana dəvət olunması azərbaycanlıların Kipr türklərinə olan sevgisinin, diqqətinin ifadəsidir. N.İbrahimov eyni zamanda Şimali Kiprlə əlaqələrə görə Azərbaycana təzyiqlər edildiyini, artıq etiraz məktubları aldıqlarını deyib: "Lakin heç kəsdən qorxmaq lazım deyil, biz Şimali Kiprlə hava əlaqələrini dayandırmaq fikrində deyilik. Şimali Kiprin izolyasiyadan çıxarılması istiqamətində köməkliyimizi bundan sonra da davam etdirəcəyik. Bütün dünya dövlətləri də bizim bu çağırışımıza qoşulmalıdır"-deyə N.İbrahimov vurğulayıb.

Komitə sədri Şimali Kiprdə Azərbaycan mədəniyyəti günləri keçiriləcəyini də diqqətə çatdırıb. Şimali Kiprin KİV nümayəndələrinin bu dövlətin Azərbaycan tərəfindən tanınması məsələsi barədə sualını cavablandırarkən N.İbrahimov deyib ki, əvvəlcə dünyada tanınma prosesi başlamalıdır. Onun sözlərinə görə, belə bir proses başlayarsa Azərbaycan ön sıralarda olacaq, lakin bu məsələ yavaş-yavaş həllini tapacaq.

Qeyd edək ki, görüşdə həm Azərbaycanın, həm də Şimali Kipr Türk Cümhuriyyətinin çoxsaylı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Xəbər lenti

Xəbər lenti