Avqustun 31-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Abid Abdinbəyovun sədrliyi ilə "Lotu Quli" ləqəbli Nadir Səlifovun, dünya üzrə boks çempionu Fariz Məmmədovun və daha 5 nəfərin işi üzrə məhkəməyə üçüncü dəfə hazırlıq iclası keçirilib. Bu barədə Trend ə Fariz Məmmədovun vəkili Əli Ələkbərov məlumat verib.
Ə.Ələkbərovun sözlərinə görə, müxtəlif səbəblərə görə iki dəfə təxirə salınmış hazırlıq iclası nəhayət ki, bu dəfə baş tutub. "Hakim məhkəmənin baxış iclasını sentyabr ayının 5-nə təyin etdi" deyə vəkil bildirib.
O, həmçinin qeyd edib ki, əvvəlki hazırlıq iclaslarında təqdim etdikləri vəsatətləri təkrar səsləndirsələr də, hakim həmin vəsatətləri təmin etməyib: "Bu vəsatətlərdən biri məhkəmə iclasının açıq şəkildə keçirilməsi ilə bağlı idi. Ancaq görünür, məhkəmə iclasının açıq keçirilməsi və ictimaiyyətin məhkəmədə səslənəcək ifadələri bilməsi hakimə sərf eləmir. Ona görə də vəsatəti təmin etməyib".
Vəkil onu da bildirib ki, Nadir Səlifova və onunla birlikdə daha iki müttəhimə verilmiş zorlama epizodu ilə bağlı zərərçəkən qadınların məhkəmənin baxış iclasında iştirakları isə təmin olunacaq.