"ATƏT-in Bakı nümayəndəliyinin sentyabrın 12-də iqtidar və müxalifət partiyalarının iştirakı ilə keçirəcəyi seminarla bağlı Yeni Azərbaycan Partiyasına rəsmən müraciət edilməyib". Bu barədə Trend ə YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov açıqlama verib.
"ATƏT-in Bakı nümayəndəliyinin sədri Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə məsləhətləşmədən heç bir tədbir keçirə bilməz. Həmin seminarla bağlı isə bizə ATƏT rəhbərliyi tərəfindən heç bir müraciət daxil olmayıb", - deyə Əli Əhmədov bildirib.
Müxalifət partiyalarından isə onlara dəvətnamələr göndərildiyi və həmin görüşdə iştirak etmək niyyətində olduqları bildirilib. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev seminarda iştirak edəcəyini deyib. O bildirib ki, bu dəfə görüşün təşkilatçısı iqtidar, yaxud müxalifət deyil, bitərəf beynəlxalq təşkilatdır. Ona görə də hansısa tərəfin görüşdən imtina etməsinə əsas yoxdur.
"Bu seminar artıq bir dəfə may ayında keçirilmiş və iqtidarla müxalifət arasında Konsensus əldə olunması ilə nəticələnmiş görüşün davamıdır.
Ona görə də iqtidar və müxalifət tərəfi qarşılıqlı konsensusa gələrək problemləri aradan qaldırmalıdır. Ən azı görüşün xarakteri tamam başqa olduğundan bu seminarda iqtidar da, müxalifət də təmsil oluna bilər"-deyə Əli Əliyev bildirib.
"Azadlıq" blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu da Müsavat, AXCP və ADP rəhbərlərinin həmin seminarda iştirak edəcəyini deyib. O bildirib ki, onları ATƏT dəvət etdiyindən digər iştirakçıların mövqeyini, seminara gəlib-gəlməyəcəyini nəzərə almadan özləri tədbirə qatılacaqlar.
ATƏT-in növbəti dəfə iqtidarla müxalifət arasında Konsensusa dair sənədin imzalanması təklifi irəli sürəcəyi təqdirdə, müxalifətin hansı cavabı verəcəyinə gəldikdə, Sərdar Cəlaloğlu bildirib ki, ümumi anlaşma həm siyasi tərəflərə, həm də bütün cəmiyyətə lazımdır: "Əgər belə bir konsensusun əldə olunması məsələsi gündəmə gətirilərsə və buna ehtiyac yaranarsa, biz tərəfdən müsbət cavab veriləcək.
Çünki siyasi qüvvələr arasında konsensusa ehtiyac var"-deyə ADP funksioneri vurğulayıb.
İqtidar-müxalifət partiyalarının görüşlərində iqtidar tərəfindən iştirak etmiş Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, özü bu seminarda iştirak etmək fikrindədir. Amma həmin seminara müxalifətdən Azərbaycan Xalq Cəbhəsi Partiyası da dəvət olunduğundan burada iştirak məsələsini Yeni Azərbaycan Partiyası ilə razılaşdıracaq: "ATƏT-in təşkil etdiyi tədbir iqtidar-müxalifət dialoqu deyil, seminardır. Orada ATƏT-i təmsil edən bir sıra şəxslərin məruzələri dinləniləcək.
Bu seminarda iştirak edib-etməməklə bağlı Yeni Azərbaycan Partiyası ilə müzakirə aparıb sonra qəti qərara gələcəyik", - deyə F.Ağamalı bildirib.