Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən "Seçkilər" İnformasiya Mərkəzi seçici siyahılarını artıq İnternet səhifəsində yerləşdirib. Trend in məlumatına görə, bu barədə sentyabrın 15-də mətbuat konfransı keçirən "Seçkilər" İnformasiya Mərkəzinin sədri İqbal Babayev açıqlama verib.
O, bildirib ki, seçki məntəqələri, onların ünvanları, seçki dairələri və seçki məntəqələri üzrə seçicilərin siyahısı ilə bağlı bütün məlumatlarla sentyabrın 15-dən etibarən www.infocenter.gov.az internet ünvanında tanış olmaq mümkündür.
Seçicilərin işini asanlaşdırmaq üçün hətta seçki məntəqələrinə gedən nəqliyyat vasitələri, marşrutlar da göstərilib. Namizədlərin axtarış sistemində seçkidə iştirak edən bütün namizədlərin siyahısı, onlar haqqında ətraflı məlumatlar yerləşdirilib.
İqbal Babayevin sözlərinə görə, MDB-də ilk olaraq Azərbaycanda geniş seçki bazası hazırlanıb internetdə yerləşdirilib və hər bir vətəndaş maneəsiz şəkildə bu məlumatlarla tanış ola bilər.
Həmçinin bu sistem seçicilərin öz adını seçicilər siyahısında tapmasına, seçki məntəqəsini və ünvanını müəyyən etməsinə köməklik göstərir. İ.Babayevin verdiyi məlumata görə, İnternet səhifəsində 4993 seçki məntəqəsi və 4 milyon 553 min 164 seçicinin adı jaxil edilib.
Onun sözlərinə görə, seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesi davam edir və adlarını siyahıda tapmayan vətəndaşlar seçkiyə 35 gün qalmış müddət ərzində məhkəmə müraciət edərək bu problemin həllinə nail ola bilərlər.
MSK katibi Vidadi Mahmudov seçici siyahılarının internetdə yerləşdirilməsini vətəndaşların informasiya təminatı və ictimai nəzarət baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
O, əlavə edib ki, seçici siyahılarında adları olmayan vətəndaşlar MSK-da fəaliyyətə başlayan qaynat telefon xətti vasitəsilə əlaqə saxlayıb öz problemlərini həll edə bilərlər.