...

QARŞIDURMALARA GÖRƏ MÜXALİFƏT HAKİMİYYƏTİN, YAP İSƏ "AZADLIQ" BLOKUNUN MƏSULİYYƏT DAŞIYACAĞINI DEYİR

Siyasət Materials 23 Sentyabr 2005 19:56 (UTC +04:00)

"Azərbaycan hazırda bütün dünyanın diqqət mərkəzindədir və daxildə sabitliyin pozulması ölkəmizin imicinə, adına zələl gətirə bilər". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev bildirib.

AMİP sədri "Azadlıq" blokunun sentyabrın 25-də keçirəcəyi izacəsiz aksiya ilə bağlı fikirlərini bildirərkən deyib ki, belə məsələlər qanun çərçivəsində həll olunmalıdır.

Onun fikrincə, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətçilərin təklif etdiyi 6 marşrutdan birinə razılıq verə bilərdi.

Əli Əliyev hesab edir ki, hakimiyyət vətəndaşların sərbəst toplaşmaq hüququnu tanımalıdır.

Qanunlarda da göstərilib ki, vətəndaşlar sadəcə icra hakimiyyətini xəbərdarlıq etməklə, istədikləri yerdə toplaşa, aksiyalar keçirə bilərlər. "Amma vətəndaşların bu hüququndan istifadə etmələrinə imkan verilməməsi sonda sabitliyin pozulmasına gətirib çıxara bilər.

Hesab edirəm ki, belə vəziyyətlərin yaranmaması üçün qarşılıqlı güzəştlər olmalıdır. Amma baş verə biləcək xoşagəlməz hallara görə məsuliyyət hakimiyyətin üzhərinə düşəcək"-deyə Əli Əliyev vurğulayıb.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, müxalifətin icazəsiz aksiya keçirməkdə israrlı olması sabitliyin pozulmasına yönələn addımdır.

Onun fikrincə, müxalifət seçkidə məğlub olacağı təqdirdə hakimiyyəti ittiham etmək üçün indidən bəhanələr axtarır. Buna görə də icazəsiz aksiyalar keçirmək, qarşıdurmalar yaratmaqla özləri üçün bu bəhanəni indidən təmin edirlər: "Mən bir vətəndaş kimi hüquq-mühafizə orqanlarının öz funksiyasını yerinə yetirməsinin tərəfdarıyam, çünki cəmiyyətdə cəzasızlıq mühitinin yaranmasına yol vermək olmaz. Əgər bu aksiyalar izacəsizdirsə, onun qarşısı alınmalıdır"-deyə A.Mirzəzadə bildirib.

YAP-çı millət vəkili qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin "Azadlıq" blokuna təklif etdiyi ünvanlar qənaətbəxşdir və müxalifətçilər bu təkliflə razılaşa bilərdilər.

Çünki əsas məsələ aksiyanın keçiriləcəyi yer deyil, seçicilərə, vətəndaşlara çatdırılan ideyalar, konsepsiyalar, yeni ideya və təkliflərdir.

Xəbər lenti

Xəbər lenti