"Fövqəladə Seçki Komitəsinin (FSK) sentyabrın 26-da keçirdiyi toplantısında ölkə prezidenti, Mərkəzi Seçki Komissiyası və Kütləvi İnformasiya Vasitələrinə müraciət qəbul edib". Bu barədə Trend ə FSK-nın və Sosial Ədalət Partiyasının sədri Mətləb Müttəllimli bildirib.
FSK-nın sədri bildirib ki, müraciətin qəbul edilməsində əsas məqsəd hüququ pozulan namizədlərin haqqının bərqərar olunması və yerlərdə bəzi namizədlərin seçki təbliğatına mane olan qüvvələr haqqında xüsusi tədbirlərin görülməsidir. M.Mütəllimli qeyd edib ki, 40-dan çox dairədə belə hallara rast gəlinib, 4 şəxsin isə namizədliyi ləğv edilib.
"Bizim komitə seçkilərdən sonra da fəaliyyətini davam etdirəcək" - deyən M.Mütəllimli onu da qeyd edib ki, komitənin yerlərdə şöbələrinin fəaliyyət göstərməsi üçün işçi qrupu da yaradılıb: "Komitənin əsasnaməsi də hazırdır. Ümid edirəm ki, tezliklə komitənin sıraları genişlənəcək. Əvvəl hüquq pozulan 11 namizədin təşəbbüsü ilə yaradılan bu komitədə indii 40-dan çox şəxs təmsil olunur".
Toplantıda FSK sədrinin üç müavini də seçilib. Bunlar Azərbaycan İslam partiyasının sədr müavini Rövşən Əhmədli, sabiq millət vəkili Gülnarə Qurbanova və "Azadlıq" blokunun təmsilçisi Namizəd Səfərovdur.