Azərbaycan, Gürcüstan və Moldova münaqişələrin nizama salınması məqsədilə ümumi yanaşmalar müəyyən etməlidir. Trend bildirir ki, belə bir fikri sentyabrın 28-də GUAM üzvü ölkələrinin sərhəd idarələri rəhbərlərinin üçüncü iclasının iştirakçıları ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev səsləndirib.
Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Azərbaycan, Gürcüstan və Moldova təcavüzkar separatizmdən əziyyət çəkir. O, xatırladıb ki, hazırkı görüş GUAM-ın Bakıda keçirilən ilk tədbiridir.
"GUAM-nın əhəmiyyəti getdikcə artır.Son dövrlərdə təşkilatın fəaliyyəti genişlənib"-deyə İ.Əliyev bildirib və GUAM üzvü olan dövlət başçılarının Kişinyov Sammitini məmnunluqla xatırlayıb.O, deyib ki, həmin görüş təşkilatın nüfuzunun artmasına imkan verib.
İ.Əliyev vurğulayıb ki, GUAM dövlətlərinin heç də bütün strukturları sıx əməkdaşlıq etmir.O, sərhəd idarələri rəhbərləri arasında əlaqələrin əhəmiyyətini qeyd edib.
"Yeni təhlükələr - terrorizm, narkotiklərin qeyri-qanuni dövriyyəsinin mövcud olduğu bir dövrdə sərhəd xidmətləri arasında qarşılıqlı əlaqələrin böyük əhəmiyyyəti vardır" -deyə prezident İlham Əliyev qeyd edib.
Öz növbəsində, Ukrayna Dövlət sərhəd xidmətinin rəhbəri, general-polkovnik Nikolay Litvin Azərbaycan prezidentinə tədbirin yüksək səviyyədə təşkili üçün təşəkkür edərək qeyd edib ki, iclasın məqsədi GUAM üzvü ölkələrinin dövlət başçılarının Kişinyov sammitində irəli sürdüyü təkliflərin gerçəkləşdirilməsidir. Litvinin sözlərinə görə, həmin iclasın yekunlarına əsasən, əməkdaşlığa dair saziş imzalanacaq ki, bu da sərhədlərin mühafizəsi sahəsində aktiv tədbirlərin keçirilməsinə imkan verəcək.