...

Əli İnsanov tutduğu əməllərdən peşman olduğunu etiraf edib

Siyasət Materials 2 Noyabr 2005 11:36 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə xüsusi məlumat yayıb. Trend xəbər verir ki, məlumatda "Azərkimya"nın sabiq prezidenti Fikrət Sadıqovun və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayevin törətdiyi cinayət əməlləri göstərilib, sabiq səhiyyə naziri Əli İnsanovun isə eyni əməllərdən peşmançılıq hissləri keçirdiyi bildirilib.

Məlumatda göstərilir ki, oktyabrın 17-də Azərbaycanda hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, kütləvi iğtişaşa hazırlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənisəmə və ya israf etmə maddələri ilə bir sıra əlavə hallar müəyyən edilib.

İstintaqa təqsirləndirilən şəxs qismində cəlb edilən sabiq maliyyə naziri Fikrət Yusifovun ifadələrində sadalanan cinayət əməllərində Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayevin və "Azərkimya" Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovun da adını qeyd edib. İstintaqla təsdiqlənib ki, o, sözügedən cinayət əməllərinin həyata keçirilməsi ilə əlaqədar Fikrət Sadıqovdan aldığı 305 min ABŞ dollarını Eldar Salayevə çatdırıb. 29 oktyabr 2005-ci il tarixdə Eldar Salayevə qarşı Cinayət Məcəlləsinin 28,220.1 (kütləvi iğtişaşa hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittihamlar irəli sürülüb.

Məlumatda, həmçinin, qeyd olunur ki, oktyabrın 30-da sabiq səhiyyə naziri, eyni əməllərə görə təqsirləndirilən və hazırda MTN-nin istintaq təcridxanasında saxlanılan Əli İnsanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək tutduğu əməllərdən peşman olduğunu bildirib. Ə.İnsanov müraciətdə dövlət mənafeləri əleyhinə olan qeyri-konstruktiv hərəkətləri, Rəsul Quliyevin seçki kampaniyası və Azərbaycana qayıtması, eləcə də digər məsələlərlə bağlı maliyyə yardımları göstərdiyini etiraf edib. O, ölkə başçısına bu əməllərindən peşmançılıq hissləri keçirdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti