...

Ramil Səfərovun işi üzrə ikinci məhkəmə iclasında ona qarşı ittiham aktı irəli sürülüb

Siyasət Materials 22 Fevral 2006 11:27 (UTC +04:00)

Fevralın 21-də Macarıstanın Peşt mərkəzi rayon məhkəməsində Azərbaycan zabiti Ramil Səfərovun işi ilə bağlı ikinci proses üzrə ikinci məhkəmə iclası keçirilib. Bu barədə Trend ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Səfirliyin nümayəndələrinin məlumatına görə, iclas zamanı R.Səfərova qarşı ittiham aktı irəli sürülüb. İclasda sədrlik edən hakim R.Səfərova suallar verib. Daha sonra bu proses müttəhimin vəkili və prokuror tərəfindən davam etdirilib. Məhkəmənin qərarı ilə növbəti iclas 2006-cı il mayın 3-də keçiriləcək. İclas zamanı şahidlərin ifadələri dinləniləcək. R.Səfərovun vəkili macar Klara Fişerdir. Məhkəmə dinləmələrində Azərbaycan səfirliyinin əməkdaşları da iştirak edib.

R.Səfərovun işi üzrə sayca ikinci məhkəmə iclası 2004-cü ilin iyununda onunla təcxridxana nəzarətçiləri arasında baş vermiş hadisə ilə bağlı keçirilib. Hadisə R.Səfərovun macar dilini bilməməsi və nəzarətçilərin ona bu dildə müraciət etməsi nəticəsində baş verib. R.Səfərov təcridxana əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilir və qeyri-dəqiq məlumatlara əsasən, o, 2 il müddətinə azadlıqdan məhrum edilə bilər. Bu iş üzrə birinci məhkəmə iclası 2006-cı il yanvarın 17-də keçirilmişdir. İclasda prokuror müttəhimə qarşı türk dilində ittiham irəli sürmüşdür.

Qeyd edək ki, R.Səfərovun işi üzrə növbəti məhkəmə prosesi martın 7-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti