Azərbaycanda keçirilən parlament seçkilərindən sonra iqtidar və müxalifət partiyaları arasında təşkil etdiymiz görüşlərdə uğur əldə edə bilmədik. Trend xəbər verir ki, bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi bildirib.
M.Pavesi qeyd edib ki, seçkilərdən sonra belə görüşlərin davam etdirilməsinə ehtiyac yoxdur: "Belə qərara gəlmişik ki, ATƏT-in Bakı ofisi yerli hökumətə yalnız texniki problemlərin həllində yardımçı olacaq". ATƏT-in rəsmisi onu da qeyd edib ki, siyasi partiyalar özləri bu təşəbbüsdə olmalıdır.
M.Pavesi onu da bildirib ki, fevralın 27-28-də ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirilən seminarı iqtidarla müxalifət arasında görüş adlandırmaq düzgün olmazdı. Çünki bu toplantı bəzi texniki problemlərin həll edilməsi məqsədilə təşkil olunub: "Görüşdə xarici ekspertlər, Prezident Aparatı və Milli Məclisin nümayəndələri də iştirak ediblər. Bizim məqsədimiz Azərbaycan üçün nəyin yaxşı, nəyin pis olduğunu aydınlaşdırmaqdır".