...

Vaşinqtonda "Qadın demokratiya şəbəkəsi"nin yaradılması üzrə konfrans keçirilib

Siyasət Materials 10 Mart 2006 18:45 (UTC +04:00)

Vaşinqtonda Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) "Qadın demokratiya şəbəkəsi"nin yaradılmasına həsr olunmuş üçgünlük konfransı başa çatıb. Trend bildirir ki, tədbirdə Milli Məclisə deputatlığa keçmiş namizəd Aytən Şirinova iştirak edib.

O, konfransda çıxış edib və iştirakçılara Ermənistanın təcavüzü nəticəsində qaçqın düşmüş azərbaycanlıların vəziyyəti, eləcə də Xocalı soyqırımı ilə bağlı dərc edilmiş kitablar paylayıb.

Konfrans iştirakçıları həmçinin Ağ Evdə olublar, prezident Corc Buş və birinci ledi Laura Buşla görüşüblər. "Bu konfrans bütün dünyanın lider qadınları üçün bir-biri ilə əlaqə yaratmaqda əlverişli imkandır və demokratiyanın inkişafına xidmət edəcək. Bu qadınlar öz xalqlarına gələcəyi düzgün istiqamətləndirməkdə kömək edəcəklər" - deyə C.Buş qeyd edib.

Qeyd edək ki, konfransın işində Afrika, Asiya, Avrasiya, Latın Amerikası, Yaxın Şərq və ABŞ-ın qadın təşkilatlarının tanınmış liderləri iştirak edib.

Konfransda ABŞ dövlət katibinin demokratiya və qlobal məsələlər üzrə müavini Paula Dobryanski (Paula J. Dobriansky), İspaniyanın keçmiş xarici işlər naziri Anna Palasio (Ana Palacio) və Kanadanın keçmiş baş naziri Kim Kampbell (Kim Campbell) çıxış edib.

Qeyd edək ki, IRI-nin təşəbbüsü olan qadın demokratiya şəbəkəsi bütün dünyanın lider qadınları arasında münasibətlərin inkişafına xidmət etmək məqsədi daşıyır. Qadın demokratiya şəbəkəsi qadınların siyasi, mülki və iqtisadi iştirakını genişləndirir və dəstəkləyir, eləcə də regional şəbəkələrin yaradılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti