...

Azərbaycan prezidenti Fransanın ölkəmizdəki yeni səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 28 Mart 2006 16:46 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Fransanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernar Amodrik dü Şafonun etimadnaməsini qəbul edib.

Prezident əmin olduğunu vurğulayıb ki, Azərbaycan və Fransa arasındakı əlaqələr daha da möhkəmlənəcək. "Bizim bütün sahələrdə çox uğurlu əməkdaşlığımız var. Mənim Fransaya etdiyim bir neçə səfər bir daha onu göstərir ki, aramızda həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əməkdaşlıq daha da möhkəmlənir. Eyni zamanda, bizim Avropa İttifaqı ilə genişlənən əməkdaşlığımız ikitərəfli münasibətlərimizə müsbət təsir göstərir", - deyə İlham Əliyev qeyd edib.

Dövlət başçısı bildirib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işinə öz töhfəsini verir. "Ümid edirəm ki, vasitəçilərin səyləri nəticəyə gətirib çıxaracaq", - deyə prezident vurğulayıb.

Səfir Bernar Amodrik dü Şafo hər iki ölkə prezidentləri arasındakı dostluq münasibətlərini xatırladaraq deyib ki, bu əsl dostluq münasibətləri əməkdaşlığın bütün sahələrdə inkişafına təkan verir. Prezident Jak Şirak və Fransa hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə çox həssaslıqla yanaşır və öz siyasi öhdəliklərini anlayır.

Xəbər lenti

Xəbər lenti