Milli Məclisin aprelin 4-də keçirilən iclasında 4 məsələ müzakirə olunaraq qəbul edilib. Trend xəbər verir ki, Türikyə Respublikasının prezidenti Əhməd Necdət Sezərin Azərbaycana səfəri ilə bağlı parlament növbəti iclasını saat 15.00-da yekunlaşdırıb.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 14 saylı protokolu, "Azərbaycan Respublikası ilə Almaniyanın KFV bankı arasında Cənubi Qafqaz üçün Ekoreqional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə maliyyələşdirmə müqaviləsi"nin və "Xəzər dənizinin dənizətrafı mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının təsdiqindən sonra müzakirəyə "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" qanunun layihəsi çıxarılıb.
Sözügedən qanun layihəsi barədə parlamentin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova məlumat verdikdən sonra müzakirələrə başlanılıb. Millət vəkili Əli Məsimli bu sənədin strateji xarakterli qanunlar sırasına aid edib. Lakin bildirib ki, qanun layihəsində informasiya istehsalçısı ilə istifadəçi arasındakı münasibətlərə aydınlıq gətirilməlidir.
Digər çıxış edənlər Cəmil Həsənli, Xanhüseyn Kazımlı, Rauf Əliyev qanun layihəsinin hüquqi cəhətdən mükəmməl hazırlandığını bildiriblər. Millt vəkili Vahid Əhmədov həmkarlarının fikirlərini təsdiqləsə də, qanun layihəsinin adının "Əhalinin reyestri haqqında" adlandırılması təklifini verib. Müzakirələrdən sonra bu sənədin ikinci oxunuşu qəbul edilib.