Erməni təcavüzkarları tərəfindən törədilmiş bir sıra cinayət işlərinin istintaqı təzələnib. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.
Hərbi prokruor bildirib ki, erməni təcavüzkarları tərəfindən törədilmiş cinayət işlərinin istintaqı 05.05.2005-ci il tarixdən Respublika Hərbi Prokurorluğuna tapşırılıb. Həmin işlər öyrənilib və bir sıra ağır cinayət hadisələri üzrə icraatı dayandırılmış işlərin istintaqı təzələnərək zəruri qərarlar qəbul olunub.
"Bu cinayət işlərindən biri 1992-ci il fevralın 15-17-də tərkibində əcnəbi ermənilər və ruslardan ibarət erməni silahlı birləşmələri Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı basqın edərək 106 nəfər azərbaycanlını girov götürmələri, onlardan 49 nəfərini "Bəylik" adlanan ərazidə qətlə yetirmələri, 57 nəfərinə uzun müddət işgəncələr verməklə girovluqda saxlamaları və onları şikəst etmələri ilə bağlıdır. Daha bir cinayət işi isə erməni silahlılarının Dağlıq Qarabağın Əsgəran rayonunun Meşəli kəndinə basqın etmələri ilə bağlıdır. Həmin basqın zamanı 25 azərbaycanlı qətlə yetirilib, çoxlu sayda isə girov götürülənlər olub" - deyə X.Vəliyev söyləyib.
Hərbi prokurorun sözlərinə görə, ermənilər tərəfindən törədilmiş belə cinayətlərlə bağlı cinayət işləri kipfayət qədərdir. İş üzrə təqsirləndirilən ümumilikdə 72 nəfər barəsində "İnterpol" xəttilə beynəlxalq axtarış elan edilib, 532 nəfər şübhəli şəxs barəsində isə kartoteka yaradılıb.